Xəbərlər

Britaniya Şurasının rəhbəri Bakı Ali Neft Məktəbində

           Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah ilə görüşüb. Görüşdə həmçinin Britaniya Şurasının İngilis dili və təhsil proqramları üzrə meneceri Nərgiz Hüseynova, İmtahan xidmətləri üzrə menecer Nərgiz Əkbərova və BANM-ın əməkdaşları iştirak ediblər.

 

           Qonaqları Ali Məktəbdə salamlayan rektor Elmar Qasımov Azərbaycanda ingilis dilinin tədrisi və inkişafında Britaniya Şurasının böyük rolu olduğunu bildirib. BANM-da tədrisin ingiliscə olduğunu vurğulayan rektor Ali Məktəbin ilk illərindən Britaniya Şurası ilə İELTS imtahanlarının təşkil olunması istiqamətində əməkdaşlıq etdiyini bildirib.

 

          BANM-da qonaq olmaqdan məmnunluq hissi keçirdiyini bildirən Samr Şah Ali Məktəb və onun tələbələri haqqında çox müsbət fikirlər eşitdiyini bildirib. Cənab Şah həmçinin qeyd edib ki, BANM-ın tələbləri arasında Britaniya Şurasında təcrübə keçənlər vardır və onlar digər təcrübəçilərdən həm dil, həm də digər bacarıqlarına görə fərqlənirlər. Daha sonra qonaq Ali Məktəbi 2019-cu ildə Almaniyada keçiriləcək “Going Global” adlı beynəlxalq təhsil konfransında iştirak etməyə dəvət edib.

 

         Görüşdə həmçinin BANM ilə Britaniya Şurasının əməkdaşlığının inkişaf etdirilməsi, gələcəkdə kompüter əsaslı imtahanların BANM-ın ən son avadanlıqlarla təchiz olunmuş auditoriyalarında keçirilməsi, həmçinin Britaniya Şurası tərəfindən təşkil edilən seminar, festival və konfranslara BANM-ın əməkdaşları və tələbələrinin cəlb olunması məsələləri müzakirə edilib.

 

          Sonda qonaqlarla xatirə şəkli çəkdirilib.