Xəbərlər
Bakı Ali Neft Məktəbində III Avrasiya Konfransına start verilib
19 oktyabr 2018-ci il tarixində Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (İAEE) təşkilatçılığı və Bakı Ali Neft Məktəbinin (BANM) ev sahibliyi ilə “Xəzər və Mərkəzi Asiya regionunda enerji sektorunda qlobal dəyişikliklərin təsiri” mövzusuna həsr olunan III Avrasiya Konfransı öz işinə başlamışdır.
Azərbaycan Respublikası İqtisadiyyat və Energetika Nazirlikləri tərəfindən dəstəklənən, SOCAR, BP, “Azərbaycan Enerji Encinirinq ənd Konsaltinq” MMC, SOCAR Türkiyə, Schneider Electric və AzEkoKonsaltinq şirkətləri tərəfindən maliyyələşdirilən konfransda ABŞ, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Sloveniya, Rumıniya, Pakistan, Qazaxıstan, Qırğızıstan və Çili kimi ölkələrin enerji sektorlarından olan müəssisələrin rəhbər nümayəndələri iştirak ediblər.
BANM-ın Ömür boyu təhsil fakültəsinin dekanı Könül Məhərrəmova konfransı açaraq qonaqları Ali Məktəbdə salamlayıb. O qonaqların diqqətinə çatdırıb ki, aparılan ardıcıl siyasət nəticəsində Azərbaycanın dünya enerji təchizatında verdiyi töhfə, regional enerji təhlükəsizliyində oynadığı rol onu bu gün ən möhtəşəm enerji layihələrinin qərar verildiyi və icra olunduğu məkan kimi tanınmasına səbəb olub.
Daha sonra IAEE-nin növbəti prezidenti, “ENEDİS” şirkətinin İqtisadiyyat və Proqnozlaşdırma şöbəsinin direktoru Kristof Bonneri qonaqları salamlayaraq İAEE təşkilatının dünyanın enerji sektorunda olan rolundan, bu sahə üçün təqdim etdiyi informasiya, araşdırmalar, reallaşdırdığı müxtəlif ideyalar, profesional enerji mütəxəssislərinin və tələbələrin təhsili və inkişafına verdiyi töhfələrdən danışıb.
Konfransın açılış mərasimində həmçinin Azərbaycan Respublikası Energetika Nazirinin müavini Samir Vəliyev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunun Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, SOCAR-ın Strateji İnkişaf şöbəsinin rəisi Ramiz Əliyev, Azərbaycan Respublikası Energetika Nazirinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini, professor Nurəli Yusifbəyli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, İAEE-nin Regional məsələlər üzrə vitse prezidenti Vilayət Vəliyev çıxış ediblər.
Konfransda Avrasiya Məkanında Enerji Təhlükəsizliyinə Qlobal Çağırışlar: Tələb və Təklif Problemi; Enerji Bazarları və Tənzimləmə; Elektrik Enerjisi Təchizatının Dayanıqlığı; Avrasiyada Enerji Səmərəliliyi: Ənənəvi Enerji, Alternativ Enerji və İstilik Təchizatı; Neft və Qaz: İqtisadiyyat, İnnovasiyalar və Sənayenin İnkişafına dair məsələlər üzrə müzakirələrin aparılması nəzərədə tutulub.
İki gün davam edəcək konfransda İAEE nümayəndə heyəti ilə yanaşı, Türkiyə Respublikası Enerji və Təbii Ehtiyatlar Nazirliyi, Qazaxıstan Bərpa Olunan Enerji Assosiasiyası, Avropa Enerji Tənzimləyicilərinin Əməkdaşlıq Agentliyi, Gürcüstan Enerji və Su Təchizatı Məsələləri üzrə Tənzimləyici Komissiyası, “Gürcüstan Dövlət Elektrik Sistemləri” ASC, “ENEDİS” şirkəti, Rumıniya Elmlər Akademiyası, Rumıniyanın Atom Enerji Agentliyi, Beynəlxalq Yaşıl Texnologiyalar və Sərmayələr Mərkəzi və digər təşkilat və ölkələrdən gələn qonaqlar müxtəlif plenar iclaslarda məruzələrlə çıxış edəcəklər.
Tədbirdə həmçinin İAEE-nin rəhbər heyəti və üzvləri, eləcə də, dünyada və regionda energetika sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə keçirilən paralel görüşlərdə Bakı Ali Neft Məktəbi və İAEE arasında gələcəkdə təhsil-tədqiqat sahəsində əməkdaşlığın güclənməsi, qurumların birgə beynəlxalq seminarlarının təşkil edilməsi, birgə mövzular üzrə tədqiqatların aparılması, habelə İAEE-nin regional nümayəndəliyinin yaradılması imkanları müzakirə edilmişdir.
Xatırladaq ki, 1977-ci ildə təsis edilmiş və əsas mərkəzi Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərində yerləşən İAEE-nin hazırda dünyanın 100-dən çox ölkəsindən üzvləri vardır. İAEE-nin əsas fəaliyyəti istiqaməti elmi, tətbiqi və səmərəli cəhətlərin inteqrasiyası ideyası ilə enerji böhranlarının təsirlərinin öyrənilməsi və yeni həll yolların axtarılmasıdır. Qurumun 2.675 və 2.088 kimi yüksək impakt faktor göstəricilərinə malik “Enerji” (The Energy Journal) və “Enerji İqtisadiyatı və Ətraf Mühit Siyasəti” (Economics of Energy & Environmental Policy) adlı iki jurnalı nəşr olunur.