Xəbərlər
BANM Koreyanın HMC şirkətilə layihə həyata keçirir
Bakı Ali Neft Məktəbində (BANM) Cənubi Koreya Respublikasının HMC şirkəti və Kyunqsunq Universiteti ilə görüş keçirilib. Görüşdə rektor Elmar Qasımov, HMC Şirkətinin vitse prezidenti Park Gabju və onun rəhbərlik etdiyi nümayəndə heyəti, KyunqSunq Universitertinin Elektronika mühəndisliyi fakültəsinin professoru Park Jangsik, həmçinin Ali Məktəbin Mühəndislik kafedrasının dekanı Zəfər Qurbanov, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov və digər məsul əməkdaşları iştirak ediblər.
Ali Məktəbin kampusunda təşkil olunmuş görüşün əsas məqsədi Cənubi Koreya Respublikasının HMC şirkəti və Kyungsung Universiteti ilə CCTV (closed-circuit television) – qapalı kontur üçün uzaqdan video müşahidə texnologiyasından istifadə etməklə qazın ilkin təsbitetmə və daxilolmaya nəzarət sistemi üzrə elmi-tədqiqat lahiyəsini müzakirə etmək olub.
Görüşdə BANM-ın rektoru Elmar Qasımov HMC şirkətinin və KyunqSunq Universitertinin nümayəndələrini yenidən Ali Məktəbdə görməkdən şad olduğunu bildirib. Birgə başlanılacaq layihənin çox əhəmiyyətli olacağını vurğulayan rektor, BANM tərəfindən olacaq layihə qrupuna şəxsən rəhbərlik edəcəyini qeyd edib. Elmar Qasımov layihənin reallaşdırılması üçün Ali Məktəbin kampusunda HMC şirkətinin avadanlıqla təchiz edəcəyi mərkəzin BANM ilə Kyunqsunq Universitetinin birgə elmi tədqiqat layihələrinin əsasını təşkil edəcəyini bildirib.
HMC şirkətinin vitse prezidenti Park Gabju bu layihəni Azərbaycanda məhz BANM ilə həyata keçiriləcəyindən məmnunluğunu bildirib. Sənaye 4.0 sistemi və süni intellekt sahəsində ixtisaslaşmış HMC şirkəti artıq BANM-da yaradılacaq mərkəz üçün bir çox avadanlıqların gətirildiyini və növbəti hissəsinin də gətiriləcəyini bildirib. Mərkəz sözügedən layihənin işlənməsi üçün istifadə olunacaq.
Cənubi Koreya Respublikasının qrantı hesabına həyata keçiriləcək layihə BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası ilə birgə həyata keçiriləcək. Layihə BANM tarixində ilk belə tədqiqat layihəsidir. Xüsusi təyinatlı, son nəsil müşahidə kameraları ilə hətta çox kiçik qaz sızmalarını belə müəyyən etməyi nəzərdə tutan layihənin sayəsində, qaz itkisinə qənaet edilmiş və bununla da şirkətlərə böyük vəsaitlər qazandırılmış olacaq. Layihə uğurla həyata keçirilərsə, bu bütün dünyada iri neft-qaz şirkətlərinin marağına səbəb olacaq.
Layihə ilə bağlı Ali Məktəbdə xüsusi qrup yaradılıb, layihənin elmi rəhbəri PAM kafedrasının rəhbəri Manafəddin Namazov, texniki rəhbəri Mühəndislik kafedrasının dekanı Zəfər Qurbanov, baş icraçısı “Əşyaların interneti” laboratoriyasının rəhbəri Abbas Əlili təyin edilib. Həmçinin layihədə BANM-ın digər müəllimləri və tələbələri iştirak edəcək.
Xatırladaq ki, bir müddət öncə BANM-ın rektoru Elmar Qasımovla HMC şirkətinin prezidenti Park Hak – Joo arasında “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdı.