Xəbərlər

Bakı Ali Neft Məktəbi Oceaneering şirkətilə əməkdaşlığa hazırlaşır

Azərbaycanda yerləşən transmilli şirkətlərlə daim partnyorluq edən Bakı Ali Neft Məktəbinin  (BANM) əməkdaşlıq etdiyi şirkətlərin sırasına daha bir şirkət -  Amerikanın məşhur “Oceaneering International Services Limited” şirkəti qoşula bilər. Hazırda Ali Məktəblə şirkət arasında BANM-ın tələbə və məzunlarının təcrübə və təlim proqramlarına cəlb olunması, şirkətin əməkdaşları tərəfindən tələbələrə müxtəlif seminarların keçirilməsi məsələləri müzakirə olunmaqdadır.

“Oceaneering” şirkəti öz sosial cavabdehlik proqramı çərçivəsində ictimai inkişafa dəstək göstərilməsi məqsədilə Ali Məktəbin Məzun Günü tədbirinin keçirilməsinə də  öz böyük dəstəyini göstərib. Bu dəstəyin ən maraqlı nöqtəsi isə bir müddət öncə Ali Məktəbdə keçirilən təntənəli Məzun Günündə şirkətin əməkdaşı İnnes Moirın “Qaytağı” ansamblı ilə birlikdə Azərbaycan milli və klassik musiqisilə şotland etnik musiqisini  sintez edərək ifa etməsi olub. Məzun Günündə iştirak edən hər kəsin böyük marağına səbəb olan bu sintez Ali Məktəblə şirkətin münasibətlərinə öz müsbət təsirini göstərmiş olub.

Qeyd edək ki, baş ofisi Hyustonda yerləşən “Oceaneering” şirkəti dəniz, neft və qaz sənayesində mühəndislik xidmətləri və məhsulları üzrə qlobal neft təchizatçısıdır. "Oceaneering" şirkətinin misisyası bütün dünya üzrə müştərilərin tələbatlarını ödəyən texniki həllər əsasında öz səhmdarlarının təmiz aktivlərinin artırılmasından ibarətdir.