Xəbərlər
BANM-ın 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb
Bakı Ali Neft Məktəbini (BANM) bu il bitirən məzunları şirkətlərin diqqət mərkəzindədir. Ali Məktəbin 2018-ci il məzunlarından daha 15 nəfəri SOCAR-ın Kompleks Qazma İşləri Tresti (KQİT) tərəfindən işə qəbul edilib. Onların 12-si qazmaçı, 2-si geoloq, 1 nəfər isə elektronika mühəndisi olaraq işə götürülüblər.
Qeyd edək ki, BANM-ın məzunları heç bir müsabiqə keçmədən KQİT tərəfindən birbaşa işə alınaraq öz vəzifə təlimatlarının icrasına başlayıblar. Yeni işçilərə öncə əməyin təhlükəsizliyi qaydaları və sahə təlimatları üzrə təlimlər keçilib, daha sonra məzunlar dənizdə və quruda öz yeni vəzifə təlimatlarının icrasına dair prosesləri müşahidə etmək və öyrənmək üçün işə başlayıblar.
Qeyd edək ki, Kompleks Qazma İşləri Tresti ölkənin quru və dəniz əraziləri üzrə SOCAR-a məxsus 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan, işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz əmək şəraitində, yüksək səviyyədə istehsalat və inzibati nizam-intizam qaydalarına riayət edilməklə axtarış-kəşfiyyat və istismar qazma işlərini aparır.