Xəbərlər

BANM-ın məzunları Karbamid zavodunda işə başlayıblar

Bakı Ali Neft Məktəbinin (BANM) 2018-ci il məzunları karyeralarındakı ilk addımları uğurla atır. Ali Məktəbin daha dörd məzunu SOCAR Karbamid zavoduna işə qəbul olublar.

 

Zavoda işəqəbul prosesi xüsusi müsahibə əsasında keçirilib. Müsahibədə Karbamid zavodunun baş direktoru Xəyal Cəfərov, direktor müavini və baş mühəndis Bəxtiyar Məmmədov, kadrlar şöbəsinin aparıcı mütəxəssisi Solmaz Kazımova iştirak ediblər. Müsahibədən uğurla keçən dörd məzun – Murad İsmayılov, Heydər Nəcəfov, Məmməd Nəzərov, Elşən Mikayılov Karbomid zavodu tərəfindən işə qəbul olunublar. Məzunların ikisi mühəndis-texnoloq, biri kimyaçı, digəri isə Nəzarət ölçü cihazları və avtomatika mühəndisi olaraq zavodun əməkdaşları sırasına qatılıblar.

 

Zavodun yeni əməkdaşları adını qazanan Ali Məktəbin məzunlarına ilk olaraq təhlükəsizlik və sahə təlimləri keçilib. Təlimləri uğurla bitirdikdən sonra yeni işçilər vəzifələrinə uyğun aidiyyatı sahələrdə - karbamid və ammonyak istehsalı sahəsi, köməkçi qurğular sahəsi, istehsalat və keyfiyyətə nəzarət laboratoriyası, təmir və texniki xidmət sahəsində öz vəzifə təlimatlarının icrasına başlayıblar.

 

Qeyd edək ki, Karbamid zavodunun təməli 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuşdur. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı sahələrindən ibarətdir. İstehsal edilən karbamid məhsulu daxili tələbatı ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaqdır.