Xəbərlər
BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır
Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin SOCAR-ın Türkiyədəki Petkim neft-kimya kompleksinə işə və təcrübəyə qəbul olunan tələbə və məzunlarının görüşü keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, Petkim Petrokimya Holdinqin İnsan Resursları üzrə Baş direktorun müavini Levent Kocagül, “Yetenek kazanım və yetenek işletim” müdiri Bəhruz Babayev, Ali Məktəbin professor-müəllim heyəti, Petkimə göndəriləcək tələbə-məzunlar və onların valideynləri iştirak ediblər.
Tədbirdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov tədbirdə iştirak edən hər kəsi salamlayaraq bildirib ki, hər il olduğu kimi bu il də SOCAR-ın Türkiyədəki müəssisələri işə qəbul və istehsalat təcrübəsi keçmək üçün seçimi Azərbaycandan yalnız BANM-ın tələbələri arasından edib. Rektor qeyd edib ki, bu il İzmir şəhərində yerləşən Petkim Petrokimya Zavodu Ali Məktəbin 4 məzununu işə götürüb və 20 tələbəsini istehsalat təcrübəsi keçmək üçün seçib. Elmar Qasımov Petkimin bu addımını Ali Məktəbə olan böyük etimad və etibarın bariz nümunəsi olduğunu vurğulayıb.
Petkim Petrokimya Holdinqin İnsan Resursları üzrə Baş direktorunun müavini Levent Kocagül öz çıxışında bildirib ki, Petkimin BANM-ın tələbə və məzunlarına olan marağı onların öz sahələri üzrə yüksək bilik və bacarığa malik olmaları, həmçinin nizam və intizam qaydalarına ciddi əməl etmələri ilə əlaqədardır. Levent Kocagül bu il işə və təcrübəyə qəbul edilən tələbələrin sayının gələcəkdə daha da artacağını qeyd edib. Sonda O, təcrübə keçəcək tələbələri, işə başlayacaq məzunları və onların valideynlərini təbrik edib.
Holdinqin “Yetenek kazanım və yetenek işletim” müdiri Bəhruz Babayev tələbələrin İyul ayının 18-dən etibarən İzmirdə təcrübəyə başlayacaqlarını bildirib və zavodun iş prosesindən, təhlükəsizlik qaydalarından, tələbələr üçün hazırlanmış layihələrdən, onların inkişafı üçün nəzərdə tutulmuş proqramlardan danışıb.
Petkim-dən iş təklifi alan BANM-ın 4 məzunu – Fərid Mustafayev, Fərid Əliyev, Pərvin Salamzadə və Mirhadı Həbibov öz çıxışları zamanı SOCAR və BANM rəhbəliyinə Ali Məktəbin tələbələri üçün yaradılan geniş imkanlar üçün, professor və müəllimlərinə isə onlara güclü bilik verdikləri üçün təşəkkür ediblər.
Görüşdə çıxış edən məzun və tələbələrin valideynləri övladları üçün yaradılan şərait və dəstək üçün SOCAR və Ali Məktəb rəhbərliyinə, Azərbaycanda BANM kimi ali təhsil müəssisəsini yaradaraq gənclərin inkişafında verdiyi əvəzsiz töhfəyə görə Ölkə başçısı cənab İlham Əliyevə təşəkkür ediblər.
Görüşün sonunda BANM və Petkim Petrokimya Holdinq arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin əsas məqsədi Ali Məktəbdə təhsil alan tələbələrin Petkimə səfər edərək onun fəaliyyəti, orada gedən prosesləri canlı izləməsı və texnik bilik və bacarıqlarını inkişaf etdirməsidir. Müqavilənin şərtlərinə əsasən BANM-ın tələbləri üçün Petkim öz zavodlarında yerləşən şöbələrdə iki ay müddətində istehsalat təcrübəsi təşkil edəcək, tələbələrin müasir texnologiyaların öyrənilməsindən və petrokimya sənayesində istifadə olunan texniki sənədlərdən faydalanmalarını təmin edəcək, təcrübə zamanı texnologiya, qurğu və avadanlıqları canlı olaraq nümayiş etdirəcək, təcrübə zamanı texnologiya, qurğu və avadanlıqlarda yaranan nasazlıqları və onların aradan qaldırılması yollarını şifahi və yazılı paylaşacaq və eyni zamanda tələbələrə Petkimdə keçirdikləri vaxt və təcrübə üçün təqaüd verəcək.