Xəbərlər
BANM Koreyanın HMC şirkətilə memorandum imzaladı
Bakı Ali Neft Məktəbində (BANM) Koreyanın “HMC” şirkətinin nümayəndələrilə görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Hong Sung Hun, “HMC” şirkətinin prezidenti Park Hak - Joo, vitse-prezidenti Park Gabju və digər nümayəndələri, eyni zamanda Koreya Kyungsung Universitetinin Elektronika mühəndisliyi fakültəsinin dekanı Yoon Byung və professoru Park Jangsik, BANM-ın professor-müəllim və administrativ kollektivi iştirak ediblər.
Görüşü açan BANM-ın rektoru Elmar Qasımov qonaqları salamayaraq “HMC” şirkətinin rəhbərliyinə BANM-a olan maraqlarına görə təşəkkürünü bildirib. Rektor BANM-ın yeni tədris ilindən “İnformasiya təhlükəsizliyi mühəndisliyi” ixtisasını, növbəti illər isə “Elektrik və elektronika mühəndisliyi” ixtisasını həyata keçirməyi planladığını qeyd edib, bu istiqamətdə “HMC” şirkətilə proqram təminatı, KyungSung Universitetilə isə professor-müəllim mübadiləsi, ikili diplom layihələrinin mümkünlüyündən söhbət açıb. Hazırda BANM-da Heriot-Vatt Universitetinin tədris proqramlarının tətbiq edildiyini bildirən Elmar Qasımov, açılması planlaşdırılan ixtisaslar üçün də KyongSung Universiteti ilə əməkdaşlığın uğurlu ola biləcəyini düşündüyünü vurğulayıb.
“HMC” şirkətinin prezidenti Park Hak – Joo Azərbaycana dəvət olunduqları üçün rektor Elmar Qasımova təşəkkür edib, Azərbaycanın yüksək reytinqli ali təhsil müəssisəsi ilə əməkdaşlıq etməkdən məmnunluq ifadə edib.
Daha sonra Koreya Kyungsung Universitetinin Elektronika mühəndisliyi fakültəsinin dekanı Yoon Byung tədbir iştirakçıları qarşısında “HMC” şirkəti, Kyungsung Universiteti və onun BANM-la iki il ərzində nəzərdə tutduğu işlərdən ibarət təqdimatla çıxış edib.
Danışıqlardan sonra tərəflər arasında “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Anlaşma Memorandumun məqsədi BANM-da “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsidir. Memorandumun şərtlərinə görə “HMC” şirkəti BANM-da “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə müasir tədris proqramları və texnologiyaları əsasında mütəxəssis hazırlığına dəstək verməyi, tələbələrin bir qisminin şirkətin Azərbaycan və xaricdə fəaliyyət göstərən strukturlarında istehsalat təcrübəsi keçməsi üçün şərait yaratmağı, öz mütəxəssislərinin tələbələr üçün mühazirələr (distant və bilavasitə) oxuması və müəllim kimi tədris prosesinə cəlb olunmasının təşkilini həyata keçirməyi öz üzrərinə götürür.
Qeyd edək ki, bir müddət öncə BANM-ın “Mühəndislik” fakültəsinin dekanı Zəfər Qurbanov və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının müdiri Manafəddin Namazov “HMC” şirkətinin və Kyungsung Universitetinin dəvəti ilə Koreya Respublikasına işgüzar səfər etmişdilər.
“HMC" şirkətinin fəaliyyət sahəsinə İT xidmətlər, təhlükəsizlik və müşahidə sistemləri, həmçinin həllərin fiziki şəxslərə və şirkətlərə inteqrasiyası aiddir.