Xəbərlər
Bakı Expo 2025 üçün ən ideal şəhərdir
İndiyədək bir neçə beynəlxalq tədbirə layiqincə ev sahibliyi etmiş doğma Bakımız daha bir böyük tədbiri keçirmək üçün iddialıdır. Belə ki, Azərbaycan Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə - “Expo 2025”-ə ev sahibliyi etmək üçün paytaxt Bakının namizədliyini irəli sürüb. Əminik ki bu tədbir də ölkəmizin qədim tarixini, vətənpərvərliyini, humanizmini, milli adət-ənənlərini, musiqisini və tolerantlığını dünyaya tanıtmaq üçün hər birimizə böyük şans verəcək. Çünki, 1851-ci ildən bu günə qədər dünyada ən böyük və ən davamlı qlobal tədbir hesab edilən Ümumdünya Sərgisi müxtəlif ölkələrdən milyonlarla insanları cəlb edir.
Qeyd edək ki, Azərbaycanın təqdim etdiyi mövzu – “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” adlanır. Qlobal səviyyədə böyük əhəmiyyətə malik bu mövzu bütövlükdə cəmiyyətimiz üçün də öz müsbət təsirini göstərəcək. Qoyulmuş mövzunun aktuallığı dövlətimizin insan kapitalına verdiyi böyük önəmi özündə əks etdirir və tədbirin cəmiyyətin hər bir fərdinin potensialının inkişaf etdirilməsi uğrunda atılan addımları özündə birləşdirən unikal platforma olmasından xəbər verir.
“Bakı Expo 2025” ideyasının və paytaxtımızda qlobal sərginin keçirilməsi üçün namizədliyinə dəstək olmaq üçün BANM-da da tədbirlər planı hazırlanıb. Tədbirlər planı Ali Məktəbin əməkdaşlarının və tələbələrinin “Bakı Expo 2025” layihəsi haqqında məlumatlandırılmasını, Ali Məktəbə aid sosial şəbəkələrdə və saytda məlumatın paylaşmasını, BANM-ın əməkdaşlıq etdiyi xarici şirkətlər və təşkilatlarla məlumatın paylaşmasını və digər oxşar tədbirləri özündə əks etdirir.
Bakı Ali Neft Məktəbi kollektivi olaraq bu beynəlxalq və əhəmiyyətli tədbirin ölkəmizdə keçiriləcəyinin təsdiqlənəcəyinə və paytaxtımızın “Expo 2025” Ümumdünya Sərgisinə də ən ideal ev sahibliyi edəcəyinə inanırıq. Çünki ölkəmizdə bu gün insan kapitalının inkişafı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirməliyik” şüarı uğurlu şəkildə tətbiq olunur. Məhz bu şüarı əsas tutaraq bu gün Bakı Ali Neft Məktəbi də dünya standartlarına uyğun, ingilis dilli mütəxəssislər yetişdirir və insan kapitalının inkişaf etdirilməsi və doğma Azərbaycan üçün daha yaxşı gələcəyin qurulması üçün öz üzərinə düşən vəzifəsini yüksək səviyyədə yerinə yetirir.