Xəbərlər

Bakı Ali Neft Məktəbində 31 mart soyqırımına aid tədbir keçirildi

          Bakı Ali Neft Məktəbində (BANM)  31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Dəyirmi masa ətrafında müzakirə formatında keçirilən tədbirdə Ali Məktəbin rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər.

 

          İlk öncə tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

        Daha sonra tədbiri öz sözlərilə açan Ali Məktəbin Tədris və elmi işlər üzrə prorektoru Ramiz Hümbətov 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağın vacib olduğunu bildirib. Prorektor qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib.

 

        Tədbirdə  Ali Məktəbin dosenti, Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev tədbir iştirakçılarına soyqırım haqda qısa giriş verərək Ermənistan ordusunun dinc Azərbaycan əhalisinə qarşı törətdiyi dəhşətlı soyqırımdan 100 il ötdüyünü bildirib və daha sonra hadisələri daha təfərrüatlı danışmaq üçün sözü Ali Məktəbin tələbələrinə verib.

 

         BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasının III kurs tələbəsi Qurban Həsənov hazırladığı “Mart soyqırımının baş vermə səbəbləri və nəticələri” adlı təqdimatda 1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Bakıda dinc  əhaliyə qarşı başladığı dəhşətli qırğınları bütün faktları ilə auditoriyaya çatdırıb. O qeyd edib ki,  daşnaq-bolşevik lideri erməni Stepan Şaumyanın  tabeçiliyində olan 10 min silahlı hərbi qüvvə şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədərək, təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürüblər. Ümumilikdə isə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilib, bir çox önəmli tikililərə və tarixi abidələrə od vurularaq yandırılıb.

 

       BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Rufət Abdullayev isə “Mart soyqırımı və tarixi həqiqətlər” adlı təqdimatında erməni bolşeviklərinin soyqırım siyasəti nəticəsində erməni silahlı dəstələrinin təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Xaçmazda,  Lənkəranda, Hacıqabulda, Salyanda, Qarabağda, Naxçıvanda və digər şəhər və kəndlərdə on minlərlə azərbaycanlını xüsusi amansızlıq və işgəncələrlə qətlə yetirildiyini bildirib.

 

        Çıxışlarının sonunda gənclər soyqırım hadisələrini real görüntülərdə əks etdirən video çarxı tədbir iştirakçılarına nümayiş etdiriblər.