Xəbərlər
BANM və Almaniyanın GUNT şirkəti arasında uğurlu əməkdaşlıq davam edir
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Almaniyanın məşhur G.U.N.T Geratebau GmbH şirkətinin Satış və biznesin inkişafı üzrə direktoru cənab Heiko Lentfer ilə görüşüb. Görüşdə həmçinin Caspian Lab şirkətinin Təchizat meneceri Səfa Hacıyev və BANM-ın məsul əməkdaşları iştirak ediblər.
Görüş zamanı rektor Elmar Qasımov G.U.N.T şirkətilə əməkdaşlıqdan razı olduğunu və təchiz edilmiş laboratoriyaların tələbələrin yüksək ixtisaslı gənc mütəxəssis kimi yetişmələrində əvəzsiz rolu olduğunu bildirib.
Cənab Heiko Lentfer isə Bakıya, xüsusilə BANM-a növbəti səfərindən çox məmnun olduğunu söyləyib. O qeyd edib ki, BANM G.U.N.T şirkətinin Qafqaz regionu üzrə ən böyük partnyorudur və şirkət Ali Məktəb ilə əməkdaşlığa böyük önəm verir.
Tərəflər arasında aparılan müzakirələr zamanı əməkdaşlığın ehtiyac duyulan istiqamətləri müzakirə edilib. Müzakirələr zamanı BANM-ın laboratoriyaların istifadəsi və saxlanılması üzrə məsul əməkdaşlarına və müəllimlərinə G.U.N.T şirkəti tərəfindən peşəkar təlimlərin keçirilməsi, Ali Məktəbin gələcəkdə tədqiqat laboratoriyaları ilə təchiz olunması və digər məsələlərə toxunulub və müəyyən razılıqlar əldə edilib.
Qeyd edək ki, 2011-ci ildən əməkdaşlığa başlayan BANM və müxtəlif texnoloji avadanlıqların təchizatı üzrə ixtisaslaşan məşhur G.U.N.T şirkəti arasında bu müddət ərzində böyük işlər görülüb. Belə ki, 2017-ci ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışını etdiyi Bakı Ali Neft Məktəbinin kampusu Almaniyanın G.U.N.T şirkətinin tədris labaratoriyaları ilə ən yüksək səviyyədə təchiz olunub.