Xəbərlər

BMT-nin Proqram direktoru Bakı Ali Neft Məktəbində

         Bakı Ali Neft Məktəbi (BANM) Birləşmiş Millətlər Təşkilatının (BMT) Təlim və Tədqiqat İnstitutu ilə təhsil sahəsində əməkdaşlığa hazırlaşır. Belə ki, BMT-nin dəstəyi və vasitəçiliyi ilə bir qrup xarici tələbənin BANM-da mühəndislik üzrə təhsil alacağı gözlənilir.  Bu haqda Ali Məktəbin rektoru Elmar Qasımovun BMT-nin Təlim və Tədqiqat İnstitutunun  Proqram direktoru Aleksandr Mexia və Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov ilə görüşü zamanı  müzakirə olunub.  

 

         BMT-nin Təlim və Tədqiqat İnstitutunun Proqram direktoru Aleksandr Mexia qeyd edib ki, BMT bir sıra ölkələrdə insanlara daha yaxşı həyat şəraiti təmin etmək məqsədilə müxtəlif layihələr həyata keçirir. BMT belə layihələri özünün İnkişaf Proqramı vasitəsilə həyata keçirir. Güclü təhsilin bütün sahələrdə önəmliliyini vurğulayan cənab Mexia neft-qaz mühəndisliyi üzrə kadrların yetişdirilməsinə ehtiyyacı olan  Afrika və Latın Amerikası ölkələrindən bir qrup gəncin BANM-da təhsil ala bilməsinin mümkün istiqamətlərindən söz açıb. O bildirib ki, əməkdaşlıq haqqında müzakirələr uğurla davam edərsə, cari ilin yeni dərs ilindən BMT-nin xətti ilə bir qrup əcnəbi gənc artıq BANM-da təhsilə başlaya bilər.

 

        Təşəbbüsü yüksək qiymətləndirən rektor Elmar Qasımov, dövlətin BMT-nin müxtəlif sosial layihələrini dəstəklədiyini bildirərək  bu istiqamətdə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Rektor neft-qaz sahəsində Heriot-Vatt Universitetinin tədris proqramlarını tətbiq edən BANM-ın burada təhsil alan tələbələri sektorun aparıcı şirkətlərində yüksək istehsalat təcrübəsi ilə də təmin etdiyini vurğulayıb. Ali Məktəbin yeni istifadəyə verilmiş kampusunda yaşayış yerlərinin və idman-sağlamlıq kompleksinin xarici tələbələr üçün daha əlverişli şərait vəd etdiyini bildirən rektor, bugünki dünya standartlarına cavab verən BANM-ın dünyanın istənilən ölkəsindən tələbələri qəbul etməyə hazır olduğunu deyib.

 

       Ölkəmizin Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi cənab Vaqif Sadıqov isə layihənin BANM-ın timsalında həm Azərbaycan üçün, eyni zamanda iştirakçı ölkələr də daxil olmaqla BMT-nin Təlim və Tədqiqat İnstitutu üçün böyük əhəmiyyətə malik olacağını qeyd edib.

 

       Daha sonra proqramın detallarını müzakirə edən tərəflər arasında ümumi razılıq əldə edilib. Danışıqlardan sonra cənab Aleksandr Mexia və cənab Vaqif Sadıqov BANM-ın kampusunun infrastrukturu ilə yaxından tanış olmaq məqsədilə oradakı ən son texnologiyalarla təchiz olunmuş laboratoriyalar, mühazirə zalları, idman kompleksi ilə tanışı olublar.