Xəbərlər
BANM-ın rektoru Elmar Qasımov EURAS-ın Təhsil Sammitində iştirak edib
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib.
Sammitin əsas məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında elmi-texniki, iqtisadi və mədəni əməkdaşlığın qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılması olub.
Rektor səfər zamanı həmçinin EURAS-ın prezidenti, İstanbul Aydın Universitetinin rektoru, Dr.Mustafa Aydınla görüşüb, EURAS-a üzv olan ali təhsil müəssisələri ilə BANM arasında tədris və elmi-tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barəsində müzakirə edib.
Elmar Qasımov sammit çərçivəsində təşkil edilmiş sərgidə iştirakı zamanı Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) beynəlxalq əlaqələr üzrə rəhbər nümayəndəsi İbrahim Yorqunla da görüşərək BANM və ODTÜ arasında yeni ixtisaslar üzrə birgə proqramın həyata keçirilməsi ilə bağlı da danışıqlar aparıb.
Türkiyədə olarkan “Erasmus+ proqramı”, “Kurikulumların beynəlmiləlləşməsi”, “Ali təhsilin maliyyələşdirilməsi və keyfiyyətin təminatı üzrə Avropa perspektivləri” mövzusunda panellərdə iştirak edən rektor E.Qasımov həmçinin Ərəb Universitetlər Assosiasiyasının rəhbəri Sultan Abu-Orabi və sektorun digər qurumlarının rəhbər nümayəndələri ilə görüşüb.