Xəbərlər

BANM-da Gənc Elçilər proqramının təqdimatı olub

       Bakı Ali Neft Məktəbində  (BANM) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi “Gənc Elçilər” proqramının təqdimatı olub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən proqramın əsas məqsədi ölkəni beynəlxalq arenada layiqli təmsil edə biləcək gənclərdən ibarət xüsusi qrupun formalaşdırılması olub.

 

       Təlimdə BANM-ın 100-ə yaxın tələbəsi iştirak edib. Təqdimat Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq əlaqələr üzrə katib və proqram rəhbəri İlhamə Qasımzadə tərəfindən keçirilib. Təqdimatda  ilk öncə “Gənc Elçilər” proqramının videosu nümayiş olunub təlimçi proqram haqqında ətraflı məlumat verib, layihənin məqsədi, mahiyyəti və qoşulma qaydalarından danışıb. Proqram çərçivəsində həmçinin Ali Məktəbin tələbələrinə respublika ilə bağlı siyasi, iqtisadi və mədəni sahədə lazımi biliklər aşılanıb.  

 

         Qeyd edək ki, proqramın birinci mərhələsi maarifləndirici xarakter daşıyır. Daha sonra tələbələrin təlimlərdə əldə etdikləri bilikləri simulassiya oyunları, diplomatlarla master-klass və görüşlər, digər alətlər vasitəsi ilə təcrübədən keçiriləcək. Sonuncu mərhələdə isə gənc elçilərin əhəmiyyətli beynəlxalq tədbirlərdə iştirakı proqramın əsas missiyası olan Azərbaycan gənclərinin beynəlxalq təmsilçiliyinin genişləndirilməsini həyata keçirəcək.

 

          Layihəyə qatılmaq istəyən tələbələr xüsusi müsahibə və müsabiqədən keçiriləcək və uyğun namizədlər iştirak haqqı  qazanacaqlar. Proqramın fəaliyyətinin 80%-ində iştirak edən tələbələr xüsusi şəhadətnamə və tövsiyə məktubu ilə təltif olunacaqlar.