Xəbərlər

BANM-ın tələbəsi Global Startup Weekend Women startup yarışın qalibi oldu

        II kurs tələbəsi Parisdə Böyük Finalda iştirak edəcək

 

        Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının tələbəsi Səkinə Nağızadə “Global Startup Weekend Women”- qadınlar arasında keçirilən startup yarışının Bakı finalında qalib olub.

 

        Next Step İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən yarışa qatılmaq üçün 50-dən çox müraciət olunmasına baxmayaraq cəmi 11 komanda Bakı finalında iştirak hüququ qazanıb.“Boş durma, hərəkətə keç” şüarı ilə həyata keçirilən yarışda Ali Məktəbin ikinci kurs tələbəsi Səkinə Nağızadə və onun TalentPort komandası qalib olub. Komandanın təqdim etdiyi layihə tələbələr və fiziki məhdudiyyətli insanların məşğulluğunun yarımştat işlə təmin olunması platformasının yaradılmasından ibarət olub. Qeyd edək ki, bu platformadan  şirkətlər də yararlanacaq. Belə ki, onlar vaxta qənaət edərək, uyğun  və potensial gənc kadrlarla təmin olunmuş olacaqlar.

 

        Qalib komanda RCI Bank & Services, AccorHotels, Air France, Wavestone, Air Liquide, La Tribune kimi qlobal sponsorlardan Parisə uçuş bileti, Accor oteldə 2 gecə qalmaq, Böyük Finalda qlobal münsiflər qarşısında ideyasını təqdim etmək və Bakıda Next Step İnnovasiyalar Mərkəzinin Sup.az akselerasiya proqramına qəbul olunmaq şansı qazanıblar.

 

       Qeyd edək ki, Səkinə Nağızadə 7 mart tarixində Fransanın Paris şəhərində 23 ölkə arasında keçiriləcək  Böyük Finalda iştirak edərək Azərbaycanı təmsil edəcək.