Xəbərlər

BANM-da İlin gənc tədqiqatçısı seçilib

            Bakı Ali Neft Məktəbində (BANM) “İlin gənc tədqiqatçısı” müsabiqəsinin qalibləri məlum olub. Müsabiqənin yekun mərhələsinə ilkin mərhələdən seçilmiş üç tələbənin üç ən maraqlı elmi işləri təqdim olunub. “Kimya mühəndisliyi” ixtisasının 4-cü kurs tələbəsi Sənəm Əmirlinin “Sulardan və çirkab sularından nitratların seolit əsaslı ion mübadiləediciləri vasitəsilə təmizlənməsi” (elmi rəhbər dosent Əmir Reza Vəxşuri), həmin ixtisasın 4-cü kurs tələbəsi Vüsal Quliyevin “Günəş ağacları, onların tətbiqi və istifadəsi” (elmi rəhbər fəlsəfə doktoru Sənan Eminov) və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 5-ci kurs tələbəsi Ramil Şükürovun “Adaptiv süzgəclərin idarəetmənin keyfiyyətinin artırılmasında tətbiqi” (elmi rəhbər dosent Nailə Allahverdiyeva) mövzularında elmi işləri müsabiqənin final mərhələsinin müzakirə və qiymətləndirmə obyektləri olub.

 

            Müsabiqənin komissiya üzvləri tələbələrin məruzələrini dinləyərək onların işlərini müzakirədən keçirib və nəticədə Ramil Şükürov “İlin gənc tədqiqatçısı” elan edilib. Qalib  “2017-ci ildə keçirilmiş İlin gənc tədqiqatçısı müsabiqəsində tutduğu yerə görə” diplom və “Emerson process management” şirkətinin xüsusi hədiyyəsi ilə təltif olunub. Digər  yerləri  tutan iki tələbəyə isə “Scheider Electric” şirkətinin hədiyyələri təqdim olunub.

 

             Qeyd edək ki, Ali Məktəbin hər üç tələbəsinə öz elmi işləri haqqında digər elmi forumlarda məruzələr təqdim etmək imkanları yaradılması nəzərdə tutulub.

 

              BANM-da  “İlin gənc tədqiqatçısı” müsabiqəsi 2016-cı ildən başlayaraq keçirilir. Bu müsabiqəyə tələbələrin son 1-1.5 il ərzində apardıqları elmi-tədqiqat işləri təqdim olunur.