Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı

          Bakı Ali Neft Məktəbində (BANM) Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 5-ci kurs tələbəsi, BANM Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zaur Məmmədzadə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən təşkil olunan X qrant müsabiqəsində “Biokütlədən sənaye məhsullarının istehsalı” adlı layihəsilə iştirak edərək qaliblərdən biri olub və maddi mükafatlandırmaya layiq görülüb. Gənclər Fondunun maddi və BANM-ın təşkilati dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi gənclərin qeyri-neft sektoruna olan marağının artırılması və bərpa olunan enerji mənbələrindən biri olan biokütlə haqda məlumatlandırılmaqla onların diqqətinin bu sahəyə cəlb edilməsi olub.

 

           BANM-ın tələbəsinin layihəsində ölkənin 10 universitetindən əsasən ekologiya və mühəndislik üzrə təhsil alan 60-a yaxın tələbə iştirak edib. 4 gün ərzində tələbələrə biokütlənin müxtəlif növləri, onun iqtisadiyyatda və energetikada tətbiqinin əhəmiyyəti, həmçinin müasir istehsalatın ətraf mühitə vurduğu zərərlər haqqında təlimlər və praktik dərslər keçirilib.  Tələbələr üçün təşkil olunan təlimlər sahənin təcrübəli mütəxəssisləri - SOCAR-da texniki istehsalat şöbəsinin mühəndisi Pərvanə Babayeva və Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Sosial və ətraf mühitin təhlükəsizliyi üzrə mütəxəssis  Könül Mirislamlı tərəfindən aparılıb.

 

            Layihənin iştirakçıları praktik dərslər zamanı hər biri 6 nəfərdən ibarət 8 komandaya bölünüb, indiyədək əldə etdikləri bilik və təcrübələrini  tətbiq edərək aktual ekoloji problemlərin həlli üzərində çalışıblar. Sonda ən yaxşı praktik həllər hazırlamış  ən aktiv komandalar və tələbələr layihədə uğurlu iştiraklarına görə biokütlə və onun əhəmiyyəti haqda biliyini təsdiq edən sertifikatlar və həmçinin kitablarla təltif olunublar.