Xəbərlər
BANM-in BHOS 1 komandası Gürcüstanda ACM-İCPC olimpiadasında
Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) kafedrasının baş müəllimi Süleymanzadə Süleyman və Ali Məktəbin PAM ixtisası üzrə təhsil alan 4-cü qrup tələbələri Emin Hüseynli, Anar Piriyev və Ayaz Səmədli Gürcüstanda olimpiadaya qatılıblar. 3 tələbə və bir kouçdan ibarət olan və “BHOS 1” adı altında, komandamız Tbilisi şəhərində təşkil olunmuş NEERC (Northern Eurasia Contest) regionunun beynəlxalq ACM-İCPC proqramlaşdırma olimpiadasının yarımfinal mərhələsində iştirak ediblər.
Beynəlxaq olimpiadada NEERC regionunda yerləşən 15 ölkəyə aid 250-dən çox komanda iştirak edib. Tbilisi şəhərində yerləşən “Avropa Universitetində” baş tutan olimpiadada yarışlar fərdi və komanda şəklində keçirilib. 5 saat davam edən yarışda Dinamik proqramlaşdırma, Qraf nəzəriyyəsi, Hesablama Geometriyası kimi 12 məsələnin həlli üzərində işlənilib. Ali Məktəbin “BHOS 1” komandası baş müəllim Süleymanzadə Süleymanın rəhbərliyi altında yarışda uğurla iştirak etmiş və sertifikatlarla təltif olunmuşdur.