Xəbərlər
Çinin CMİG şirkəti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çinin aparıcı beynəlxalq investisiya şirkətlərindən olan “China Minsheng İnvestment Group”un (CMİG) 9 nəfərdən ibarət nümayəndə heyətini qəbul edib. BANM-də baş tutan görüşdə CMİG şirkətinin vitse-prezidenti Ma Şaoyin, törəmə şirkətinin prezidenti Qu Minçi, törəmə şirkətinin icraçı vitse-prezidenti Bay Baolin və şöbə rəhbərləri iştirak ediblər.
Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları salamladıqdan sonra BANM-in fəaliyyətinin əsas istiqamətləri haqda məlumat verib. Rektor son dövrdə ölkəmizin alternativ enerji mənbələrinin inkişafı istiqamətdə irəlilədiyini əsas tutaraq, BANM-in də bu sahənin araşdırılmasında maraqlı olduğunu qeyd edib.
CMİG şirkətinin vitse-prezidenti Ma Şaoyin BANM-in rəhbərliyinə göstərdiyi marağa görə təşəkkür edib. Cənab Şaoyin CMİG şirkəti və Çində Alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) sahəsində olan inkişafdan və yeniliklərdən danışıb. BANM-lə əməkdaşlıqda maraqlı olduqlarını bildirən çinli nümayəndə bu sahədə Çinin aparıcı universitetlərilə də əlaqələr yaradılmasının və bu sahələr üzrə gələcəkdə tələbə mübadiləsi proqramının həyata keçirilməsinin mümkünlüyünü qeyd edib. Nümayəndə heyəti CMİG şirkətinin ölkələr üzrə inkişaf strategiyasında Azərbaycan bazarının əhəmiyyətli olduğunu vurğulayıb, məhz bu səbəbdən Ali Məktəblə təhsil, inkişaf və istehsalat sahəsində əməkdaşlığa maraqlı olduqlarını bildiriblər. CMİG şirkətinin rəhbərliyi həmçinin yeni enerji mənbələri sahəsində olan BANM-in layihələrinin maliyyələşdirilməsində və həyata keçirilməsində köməklik göstərməyə hazır olduqlarını bildiriblər.
Daha sonra qonaqlar BANM-in yeni kampusuna səfər edərək orada tədqiqat işlərinin aparılması üçün yaradılmış şərait və labaratoriyalarla tanış olublar.