Xəbərlər
Yunanıstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində
Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos Bakı Ali Neft Məktəbində (BANM) olub. Cənab səfir və onun rəhbərlik etidyi nümayəndə heyəti Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrilə görüşüb.
Rektor Elmar Qasımov cənab səfiri və səfirliyin digər nümayəndələrini Ali Məktəbdə gördüyünə şad olduğunu bildirərək qonaqları salamlayıb və cənab Kanellosu uzaqgörən diplomat, peşəkar rəssam və gözəl yazıçı kimi tədbir iştirakçılarına təqdim edib. Daha sonra rektor Azərbaycan və Yunanıstanın təhsil sahəsində olan uğurlu əməkdaşlığını qeyd edərək bilidirb ki, BANM-in bu il 5 nəfər tələbəsi hazırda Afina şəhərində yerləşən Pirey Tətbiqi Elmlər İnstitutunda təhsil alır və növbəti ilin fevral ayında daha 5 tələbənin göndərilməsi nəzərdə tutulur.
Görüş zamanı cənab Kanellos tədbir iştirakçılarına iki ölkə arasında yaranmış perspektivli münasibətlərdən, Yunanıstan mədəniyyətindən, öz həyat və yaradıcılığından danışıb. Həyatının 29 ildən çoxunu vətəndən kənarda yaşayaraq fəaliyyət göstərən cənab Kanellos şəxsi inkişafdan, lidelikdən, yaradıcılıqdan danışıb, gənclərə hərtərəfli bir mütəxəssis kimi yetişmələri üçün dəyərli məsləhətlərini verib. Görüş zamanı BANM tələbələri cənab səfirin şəxsiyyətinə və yaradıcılığına böyük maraq göstərərək ona çoxsaylı suallar ünvanlayıblar və bu marağın qarşılığında səfir tələbələrə “Nikos D.Kanellos Paintings” adlı rəsm əsərlərinin yer aldığı kitabı imzalayaraq hədiyyə edib.
Sonda Elmar Qasımov cənab Kanellosa Bakı Ali Neft Məktəbinin Fəxri qonağı plaketini təqdim edib.