Xəbərlər
BANM-in tələbələri Azərbaycanın Yunanıstandakı Səfirliyində
Bakı Ali Neft Məktəbinin (BANM) Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində 2017/2018-ci tədris ilinin payız semestrində təhsil almaq üçün göndərdiyi 5 tələbəsi Azərbaycanın Yunanıstandakı səfirliyində görüşdə olublar. “Erasmus+” tələbə mübadiləsi proqramları çərçivəsində qalib gələrək Yunanıstana yollanmış tələbələri konsul Anar Məmmədov qəbul edib. O tələbələrlə yaxından tanış olub, onların təhsil aldığı universitet, yaşayış şəraiti və hər hansı bir çətinliyinin olub olmaması ilə maraqlanıb.
Daha sonra tələbələr Azərbaycan Respublikasının Yunanıstandakı müvəqqəti işlər vəkili Eldar Əliyevlə görüşüb. Cənab vəkil tələbələrə burda olduqları müddətdə səfirlik tərəfdən hər cür köməklik göstəriləcəyini vurğulayıb. Tələbələrlə xoş söhbətin davamında E.Əliyev BANM-in tələbələr üçün yaratdığı bu şəraiti yüksək qiymətləndirdiyini söylədi və Ali məktəbin rektoru Elmar Qasımovun bu istiqamətdə əldə etdiyi uğurları vurğuladı.
Səfirlik tələbələri qeydiyyata alıb və Azərbaycana aid tədbirlərdə fəal iştirak edə bilmələri üçün tələbələri bütün tədbirlərə dəvət edəcəyini bildirib. Tələbələr cənab Eldar Əliyevə və səfirliyin digər nümayəndələrinə onlara göstərdikləri diqqət və nəvazişə görə təşəkkürünü bildirib.
Sonda tələbələrlə birlikdə xatırə şəkli çəkdirilib.