Xəbərlər

Bakı Ali Neft Məktəbində SPM-in sertifikatları təqdim olunub

          Bakı Ali Neft Məktəbində (BANM) təşkil edilən Layihə İdarəetmə Məktəbinin (SPM) II qrupun birinci modulu müvəffəqiyyətlə və yüksək imtahan nəticələri ilə bitirən tələbələrinə sertifikatlar təqdim olunub. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sertifikatları təqdim edərək hər bir iştirakçını yüksək nəticələr əldə etməsi  münasibətilə təbrik edib və gələcək təlimlərdə uğurlar arzulayıb.

 

           Növbəti “Cədvəl və xərclərə nəzarət” modulunda iştirakçılara layihə idarəetmə alətlərindən istifadə etməklə layihələrin planlaşdırılması və nəzarəti üçün lazım olan bacarıqlar aşılanaraq onlara xərclərlə bağlı hesablama, proqnozlaşdırma, smeta tutma, monitorinq, təhlil metodları göstərilib. Təlimi bank, informasiya-texnologiyaları, inşaat və pərakəndə satış kimi sahələrdə layihə idarəedilməsi üzrə 20 ildən artıq iş təcrübəsinə malik olan Con Pelham aparıb.

  

           Xatırladaq ki, Layihə İdarəetmə Məktəbinin iştirakçıları sırasına SOCAR, “Əmək və əhalinin sosial müdafiəsi nazirliyi, BP, “PAŞA Sığorta” ASC və digər şirkətlərin nümayəndələri daxildir. BP və onun tərəfdaşlarının maliyyə dəstəyi, layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution” şirkətinin texniki dəstəyi və BANM-in təşkilatçılığı ilə birgə həyata keçirilən SPM tədris proqramı 7 moduldan ibarətdir və yekunda Corc Vaşinqton Universitetinin (ABŞ) magistr sertifikatının verilməsi nəzərdə tutulur. Hazırda Bakı Ali Neft Məktəbi ən uğurlu layihələrindən biri olan Layihə İdarəetmə Məktəbinin növbəti qruplarına qeydiyyat açıq elan edib.