Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq forumda

          Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə III və IV kursda təhsil alan tələbələri Orxan Xankişiyev, Fərdin Vətəni və Elmir Əbilov Rusiyanın İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin Neft Mühəndisləri Cəmiyyəti (Society of Petroleum Engineers - SPE) tərəfindən təşkil olunmuş Tələbələrin II Beynəlxalq Forumunda iştirak ediblər.

 

          “Yeni nəsil: kainatı birləşdirək” adlı forumuna 55 ölkədən gələn 100-dən artıq tələbə və xarici neft-qaz şirkətlərində çalışan gənc mütəxəssis qatılıb. Bakı Ali Neft Məktəbinin tələbələri “beynəlxalq forumda neft-qaz ekspertləri və dünyanın bir çox yerindən gələn tələbələrlə ünsiyyət qurub əlaqələrini genişləndirmiş, şəxsi bilik və bacarıqlarını inkişaf etdirmiş, Azərbaycanı və BANM-i layiqincə təmsil ediblər.

 

          Forumun birinci hissəsi Moskvada keçirilib. BANM-in tələbələri “Enerji Transformasiyası: Gələcəyin Xəritəsi”, “`Smart` Neft Sənayesi”, “İnsan Resursları- Səmimi Ünsiyyət” adlı plenar iclaslarda qabaqcıl ekspertlərin təqdimatlarını dinləyərək öz fikirlərini bildiriblər.

 

          Daha sonra, Orxan Xankişiyev, Fərdin Vətəni və Elmir Əbilov 10-dan çox beynəlxalq enerji şirkətlərinin yer aldığı karyera sərgisində iştirak edərək, onlar haqda məlumatlar əldə ediblər.

 

          Forumun ikinci hissəsi Rusiyanın şimalında yerləşən “Zaluçye” Tədris-istehsal mərkəzində davam edib. BANM-in tələbələri Fərdin Vətəni və Elmir Əbilov Schlumberger şirkətinin mütəxəssisləri tərəfindən idarə olunan dərsləri dinləmiş və aktiv müzakirə aparıblar.

 

          Orxan Xankişiyev 50-dən çox ölkənin tələbə nümayəndələri ilə birlikdə “dəyirmi masa” arxasında “Beynəlxalq Neft-Qaz Mühəndisliyi Tələbələri İdarəedici Biriliyi”nin bu il üçün nəzərdə tutulan görüşündə iştirak edərək, bir sıra mövzular ətrafında müzakirələr aparıb. Fərdin Vətəni isə “Gubkin Talks” adlı yarışda “Necə çempion olmalı” adlı təqdimatı ilə uğurla çıxış edərək sertifikat əldə edib.