Xəbərlər

Bakı Ali Neft Məktəbində tələbələrin qeydiyyatı prosesi başa çatıb

           Bakı Ali Neft Məktəbinə (BANM) 2017/2018-ci tədris ilində qəbul olmuş tələbələrin qeydiyyatı prosesi başa çatıb. BANM-in rektoru Elmar Qasımovun Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi test imtahanlarının nəticələri əsasında 2017-ci ildə Bakı Ali Neft Məktəbinə qəbul olunan abituriyentlərin qeydiyyatının təşkili haqqında müvafiq əmri ilə yaradılmış işçi qrupu avqust ayının 15-dən 25-dək fəaliyyətini davam etdirib. Tələbələrin qeydiyyatı zamanı onları maraqlandıran bütün suallar cavablandırılıb. İşçi qrup tələbələrin çevik şəkildə qeydiyyata alınmaları və sənədləşmənin düzgün aparılmasını həyata keçirib. Bu tədris ili üçün BANM-in ixtisaslarına qəbul olmuş 129 nəfər qeydiyyatdan keçib.

 

            Birinci kurs tələbələrinin qeydiyyatı 3 ixtisas – “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə aparılıb. Qeydiyyat zamanı Ali Məktəblə tələbələr arasında imzalanan ikitərəfli müqavilədə nəzərdə tutulmuş öhdəliklər onlara aydın izah edilib.

 

             Qeyd edək ki, Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına minimal keçid balı 685-ə qalxaraq ölkə üzrə rekord göstərici kimi müəyyən olunub. Digər iki ixtisas - “Kimya mühəndisliyi” və “Neft qaz mühəndisliyi” ixtisaslarının minimal keçid balları da artaraq, müvafiq olaraq 662 və 663 bal olub.