Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələrin layihələri 10-cu qrant müsabiqəsinin qalibləri sırasında
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 24 aprel-15 may 2017-cı il tarixlərində keçirilmiş 10-cu qrant müsabiqəsinin nəticələri elan edilib. Nəticələrə əsasən, “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə qalib gələn 418 layihədən 7-si Bakı Ali Neft Məktəbinin (BANM) tələbləri tərəfindən və 3 layihə isə BANM Tələbə Gənclər Təşkilatının tərəfdaşlığı ilə irəli sürülən layihələrdir.
Müsabiqənin məqsədi gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsinə, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir. 20 istiqamət üzrə keçirilən qrant müsabiqəsi əsasən sosial həyat tərzi, ekologiya, mədəniyyət, yaradıcılıq və digər bu kimi sahələri əhatə edir.
Belə ki, Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ayaz Səmədlinin “Alqoritmik düşüncənin inkişafı”, “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi və BANM Tələbə Həmkarlar Təşkilatının sədri Zaur Məmmədzadənin “Biokütlədən sənaye məhsullarının istehsalı”, “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Vüsal Quluyevin “İstixana Effekti-Artan Entropiya”, “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Anar Bədəlbəylinin “Mühəndislərlə Gələn Gələcək”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Elvin İsmayılovun “Gənc 3D Printer Mühəndisləri”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Leyli Abbasovanın “Azərbaycanın gənc veb proqramçıları”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Azər Ömərovun “Gənc drone mühəndisləri” layihələri məhz həmin qrant müsabiqəsi nəticəsində BANM-in təşkilati dəstəyi ilə həyata keçiriləcəkdir.
BANM TGT-nin tərəfdaşlığı ilə qalib olmuş daha 3 layihənin də BANM-də keçirilməsi nəzərdə tutulur. Həmin layihələr də daha çox texniki sahələri əhatə edir və mühəndislik bacarıqlarının artırılmasına yönəlmişdir.
Layihələr çərçivəsində maraqlı seminar, ekskursiya və təqdimatlar keçiriləcək. İştirakçılar həmin təlimlərdə komanda şəklində işləməyi öyrənəcək və dəyərli proqramlaşdırma təcrübəsi qazanacaqlar. Layihələrə 15-30 yaş arası gənclərin cəlb edilməsi xüsusi təqdirəlayiq hal hesab edilir.