Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələrinin Azərkosmosa səfəri
Bakı Ali Neft Məktəbinin (BANM) I kurs tələbələrinin “Azərkosmos” ASC-yə səfəri baş tutub. Səfər zamanı tələbələr “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi ilə, orada həyata keçirilən işlərlə yaxından tanış olublar. Ölkədə kosmik sənayenin təşəkkül tapması, Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1”-in orbitə çıxarılması və istismar işlərinin həyata keçirilməsi, peyk vasitəsilə göstərilən xidmətlər barədə məlumatlandırılmış, tələbələri maraqlandıran suallar cavablandırılmışdır. Bildirilib ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azerspace-1 peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. 2018-ci ildə Avropa Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edən ikinci telekommunikasiya peyki istifadəyə veriləcək.
Qeyd edək ki, BANM və “Azərkosmos” ASC arasında əldə olunan razılaşmaya əsasən tələbələrin ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi uğur və nailiyyətlər barədə məlumatlandırılması, onlarda müvafiq sahə üzrə biliklərinin artırılması və innovativ texnologiyalarla bilavasitə tanışlığını təmin etmək məqsədilə “Azərkosmos” ASC-yə mütəmadi səfərlər təşkil olunur.