Xəbərlər
Bakı Ali Neft Məktəbinin 20 tələbəsi Türkiyədə Petkim və STAR-da təcrübə keçir
Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi”, “Neft-qaz mühəndisliyi” və “Proseslərin Avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 3-cü və 4-cü kurslarda təhsil alan 20 tələbə SOCAR Türkiyə şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçir. Ali Məktəbin 16 tələbəsi Petkim-də, 2 tələbəsi - Star-da və 2 tələbəsi – SOCAR Türkiyə şirkətində 2 ay ərzində yay istehsalat təcrübəsi keçmək hüququ qazanıblar.
SOCAR Türkiyə şirkətinin müəssisələrində təcrübə keçərək tələbələr istehsalat prosesi, tikinti-quraşdırma və tamamlama işləri, hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olurlar. Onlar hər bir qurğunun avadanlığı, orada gedən texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrənirlər.
Qeyd edək ki, tələbələrin tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə hər il BANM-in tələbələri SOCAR-ın bütün idarə və istehsalat müəssisələrinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərə istehsalat təcrübəsinə göndərilir