Xəbərlər

BANM-in müəllimi danışır: İnanıram ki, Ali Məktəbimizin məzunları ilə fəxr edəcəyik

          Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “Mən BANM-in müəllimiyəm” adlı layihəsi davam edir. Beləliklə, suallarımızı BANM-in Neft-qaz mühəndisliyi kafedrasının dosenti Svetlana Əzimova cavablandırır.                                                                                                      

          - Ənənəvi olaraq ilk sualımız: Siz niyə məhz müəllim peşəsini seçmisiniz?

          - Kimisə öyrətmək məktəb vaxtlarımdan xoşuma gəlirdi. Məktəbdə oxuyarkən sinif yoldaşlarıma həmişə riyaziyyat və fizika məsələlərinin həllini izah edirdim və ingilis dilini öyrənməkdə kömək edirdim. Öyrənməyə çətinlik çəkənə yardımçı olmaq, nəyisə izah etmək, başa salmaq çox xoşdur. Bütün ömrüm boyu faydalı olmaqdan məmnun qalmışam. Yaşlaşdıqca isə inamım artdı ki, mən ümumiyyətlə gənc insanların şəxsiyyət kimi formalaşmasına təsir edə bilirəm. Məhz bu xüsusiyyətim mənim müəllim kimi müqədaratımı həll etdi və hazırda mən Ali Məktəbində dərs deyirəm.

 

          - Bir az özünüz haqqında danışın.

          - Mənim həyat maraqlarım müxtəlif olub – musiqidən başlayaraq (11 il musiqi məktəbində oxumuşam) universitetdə diplom müdafiəsi etdiyim nəzəri fizikaya qədər. Yerigəlmişkən, mən universiteti məhz müəllimlik ixtisası üzrə bitirmişəm. Ancaq iş elə gətirdi ki, mən uzun illər Elmlər Akademiyasının Neft İnstitutunda neft-qaz dinamikası üzrə elmi tədqiqatla məşğul oldum. Moskvada namizədlik dissertasiyasını müdafiə etdim və bu sahədə xeyli sayda elmi işlərə malikəm. Sonra elə zaman gəldi ki, mən istehsalatda işləməyi daha vacib saydım. Beləliklə mən BP şirkətinə keçdim və orada 15 il işlədim. Günlərin birində erkən yaşlarımda böyük həvəsim olan müəllimlik istəyim məni Bakı Ali Neft Məktəbin gətirib çıxartdı.

 

          - Hər bir tələbənin öz sevimli müəllimi olur. Tələbəlik dövrünüzdəki sevimli müəlliminiz haqqında danışın.

          - Məni uşaqlıqdan konservatoriyaya hazırlayan ailəmin yox, 6 nömrəli məktəbdə fizika müəllimim olmuş Nikolay Nikolayeviç Şişkinin təsiri ilə fizika-riyaziyyat fakultəsini seçdim. O, öz fənnini əla bilən pedaqoq və unikal şəxsiyyət idi. Xeyirxah, hazırcavab, ağıllı və ciddi adam idi. Onunla bağlı xatirələrim hələ də beynimdən silinməyib. Bir də Universitetdə mexanika üzrə müəllimim Abdullayev. O, Hacı Zeynalabdin Tağıyevin Almaniyaya oxumağa göndərdiyi tələbələr nəslinin nümayəndəsi idi. Ensiklopedik biliyə malik idi və bir neçə dil bilirdi. Təəssüf ki, ondan çox şey öyrənmək imkanımız olmadı: o, mən universitetə girəndən təxminən 2 ay sonra vəfat etdi, ancaq  azacıq müddətdə qəlbimdə həmişəlik iz buraxa bildi.

 

          - Tələbələrinizdən danışın. Onların gələcəklərini necə görürsünüz?

          - Mən elmə marağı olan tələbələrimi çox bəyənirəm. Geniş maraq dairələri var, ingiliscə və kompüterdə savadlıdılar, çox mütaliə edirlər, fəaldılar. Inanıram ki, məqsədyönlü olacaqları təqdirdə, onları parlaq gələcək gözləyir. Belələri bizim məktəbdə az deyil. Təəssüf ki, bu sözləri hər tələbə haqqında demək olmaz. Ancaq qiymətlərlə maraqlanıb, təhsilə, biliyə laqeyd olanlar da var. Fürsətdən istifadə edərək, arzu edirəm ki, əvvəldə qeyd etdiyim perspektivli fəal tələbələr mütləq əksəyirrət təşkil etsinlər.

 

          - Bakı Ali Neft Məktəbini 10 il sonra necə təsəvvür edirsiniz?

          - Məktəbin çoxlu, ictimaiyyətə məlum olan nailiyyətləri var və bu ildə ilk buraxılış olacaq. Məni Ali Məktəbin rəhbərliyinin məzunların karyera imkanlarının qeydinə qalması çox mütəəssir edir. Inanıram ki, məktəbin nüfuzu illər keçdikcə ancaq artacaq və biz də öz məzunlarımızla daim fəxr edəcəyik. Burada nəinki ölkəmizin vətəndaşları, eləcə də dünyanın müxtəlif ölkələrindən olan tələbələr təhsil alacaqlar.

 

          - Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

          - Boş vaxtlarımı ailəmə, səyahətlərə və ədəbiyyata sərf edirəm.

 

          - Bakı Ali Neft Məktəbinin ilk məzunlarına nə arzu edərdiniz?

          - Arzu edirəm ki, BANM-in məzunu adı yüksək hazırlıqlı uğurlu mütəxəssis, həqiqi intellektual şəxsiyyət və əsl mənada vətəndaş sözlərinin sinonimi olsun. Məktəbimizin məzunlarının bunun üçün bütün imkanları var. Arzu edirəm ki, onların həyat yolları düzgün və işıqlı olsun.