Xəbərlər

Bakı Ali Neft Məktəbində Layihələrin İdarəedilməsi Məktəbinin növbəti təlimi

          Bakı Ali Neft Məktəbində BP və onun tərəfdaşları, o cümlədən layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan "TwentyEighty Strategy Execution" şirkəti və  Ali Məktəbin birgə layihəsi olan Layihələrin İdarəedilməsi Məktəbinin (SPM)  növbəti qrupunun təlimlərinin açılış mərasimi keçirildi. Tədbirə SOCAR, BP və BANM-in rəhbərliyi, Ali Məktəbin professor-müəllim heyəti, SPM-in iştirakçıları qatılmışdılar.

   

          Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq, SPM-in may ayından başlayaraq birinci qrupun təlimlərinin keçirilməsindən və qrup üzvlərinin imtahanlardan çox yüksək nəticələr əldə etməsi haqqında məlumat verdi. Rektor həmçinin BANM-in tələbələrinin uğurlarından söhbət açaraq,  “Neft qaz mühəndisliyi”  ixtisası üzrə təhsil alan Riyad Muradovun dünyanın ən yaxşı 2-ci universiteti Stanford Universitetinin (ABŞ) magistratura pilləsinə təqaüd qazanmaqla daxil olumasından, BANM-in tələbələrinin Petkim, BP və digər şirkətlərə işə cəlb olunmalarından söhbət açdı.

 

         SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə  vitse-prezidenti Xalik Məmmədov bu cür layihələrin gələcək kadrların yetişdirilməsində necə böyük əhəmiyyət kəsb etdiyindən danışaraq, rektor Elmar Qasımovu uğurlu layihə münasibətilə təbrik etdi və bütün iştirakçılara uğurlar arzuladı.

 

          BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti  Bəxtiyar Aslanbəyli layihənin uğurlu şəkildə davam etməsindən məmnun qaldığını, layihələrin artdığı bir dövrdə bu sahənin xüsusi inkişafından və əhəmiyyətindən danışdı.

 

          Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli təhsilin hər bir yaş dövründə xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək bu cür beynəlxalq təlim proqramının BANM-də fəaliyyət göstərməsinin böyük uğur olduğunu bildirdi. O, Ali Məktəbinin rektoru və təlimin iştirakçılarını bu münasibətlə təbrik edərək uğurlar arzuladı.

 

          “TwentyEighty Strategy Execution” şirkətindən xüsusi olaraq təlimləri aparmaq üçün dəvət olunan, bank işi , informasiya-texnologiyaları, inşaat  və pərakəndə satış kimi sahələrdə layihə idarəedilməsi üzrə 20 ildən artıq iş təcrübəsinə malik olan Con Pelham  Bakıda olmasından və təlimləri aparacğından böyük məmnunluq hissi duyduğunu bildirdi.

 

          Qeyd edək ki, SPM proqramı 2011-ci ildə BP və onun partnyorları tərəfindən layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək məqsədi ilə təsis edilmişdir. Twenty Eighty şirkətinin texniki dəstəyi və yerli tərəfdaşla birgə həyata keçirilən proqram 7 moduldan ibarətdir və yekunda ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi nəzərdə tutulur. Başlandığı gündən etibarən proqramda 98 müxtəlif qurumu təmsil edən 300-dən artıq mütəxəssis iştirak etmişdir. BANM-in dəstəyi ilə proqramın 4-cü mərhələsinin həyata keçirilməsinə başlanılıb. Bu mərhələdə 52 mütəxəssisə təlim keçiriləcək və daha sonra BANM proqramı müstəqil olaraq tədris etmək səlahiyyətini əldə edəcəkdir.