Xəbərlər

Bakı Ali Neft Məktəbi növbəti İSO beynəlxalq sertifikatına sahib oldu

          Bakı Ali Neft Məktəbi (BANM) növbəti beynəlxalq standartı olan - ISO 10002 "Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər” sertifikatına sahib oldu. Bu sertifikat Türk Standartları İnstitutunun (TSE) auditorlarının apardığı beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirlərinin nəticəsində verilib.

 

          Sertifikatların təqdimetmə mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma idarəsinin rəisi Fuad Süleymanov, TSE-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi, BANM-in rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər.

 

          Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qeyd etdi ki, sertifikat keyfiyyətli idarəetmə sisteminin Ali Məktəbin öz fəaliyyətində tətbiqinin, aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir.

 

          “Bu kimi sertifikatlar Ali Məktəbin müəllimlərinə, tədqiqatçılarına beynəlxalq layihələrdə iştirak etmək imkanı verəcək”, - E.Qasımov dedi.

 

          Türk Standartları İnstitutunun Azərbaycandakı təmsilçisi Selim Çələbi çıxış edərək, BANM-in kollektivini bu nailiyyət münasibəti ilə təbrik edib. O, BANM-in beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayıb və təmsil etdiyi qurumla Ali Məktəb arasında olan əməkdaşlığın inkişaf etdiriləcəyindən əminliyini ifadə edib.

 

          Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Ali Məktəbin fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olmasını vurğulayaraq, gələcəkdə bu amilin Ali Məktəbi dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib.

 

          SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma idarəsinin rəisi Fuad Süleymanov çıxış edərək, BANM-də aparılan işləri yüksək qiymətləndirib və görülən işlərin ölkənin beynəlxalq standartlara uyğun yüksək ixtisaslı kadrlara olan tələbatını ödəyəcəyinə əminlik ifadə edib.

 

          Sonda Bakı Ali Neft Məktəbinə beynəlxalq standartlar üzrə uyğunluq sertifikatının təqdimetmə mərasimi baş tutub.

 

          Qeyd edək ki, İSO 10002 beynəlxalq standart bütün növ kommersiya və ya qeyri-kommersiya fəaliyyətləri, o cümlədən elektron kommersiya fəaliyyətləri üçün şikayətlərin effektiv və səmərəli şəkildə idarə olunmasının planlaşdırılması və həyata keçirilməsi üzrə göstərişləri müəyyən edir.

 

          Xatırladaq ki, BANM ilk ali təhsil müəssisəsidir ki, 2014-cü ildən İSO-nun üç istiqaməti - ISO 9001 "Keyfiyyət İdarəetmə Sistemi", ISO 14001 "Ekologiya idarəetmə sistemi", OHSAS 18001 "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi" üzrə beynəlxalq sertifikatlara sahib oldu.