Xəbərlər

Bakı Ali Neft Məktəbinin könüllüləri İslam Oyunlarında

          İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndirilən “Bakı-2017”-də İslam dünyasının 54 ölkəsindən 3 mindən çox idmançı iştirak etdi. Bu möhtəşəm yarışlara 12 minə yaxın könüllü qatılıb. Onların sırasında da Bakı Ali Neft Məktəbinin (BANM) tələbə könüllüləri var. Bəs BANM-in könüllü kimi fəaliyyət göstərən tələbələri IV İslam Həmrəylik Oyunları haqqında nə düşünürlər, burada könüllü kimi iştirak etmələri hansı təəssüratlarla yadda qalıb? Bu sualı BANM-in könüllülərinə ünvanladıq.

 

          Kənan Sadıqov, II kurs, Kimya mühəndisliyi ixtisası:

          - Mənim könüllülərə qoşulmaqda bir neçə məqsədim var. İstəyirdim ki, özümə yeni dostlar qazanım, müəyyən təcrübə toplayım və ingilis dilimi inkişaf etdirim.  İslam Oyunlarında Suriya Milli Olimpiya komitəsinin assistentiyəm. Əsas işim gün ərzində, iş prosesində ortaya çıxan müəyyən məsələlərin həllinə yardım etməkdir. Mən də əlimdən gələn köməkliyi göstərirəm. Könüllü hərəkəti mənə yeni dostlar qazandırır. Səkkiz aydan çoxdur ki, bu oyunlarda könüllü kimi fəaliyyət göstərirəm. Könüllülük fəaliyyətimə səfir kimi başlamışam, sonra isə Suriya Milli Olimpiya Komitəsinin təmsilçiləri ilə işləyirdim. Müxtəlif ölkələrdən gələn idmançılarla tanış olmaq, olanlarla ünsiyyət qurmaq, onların mədəniyyətini, adət ənənələrini öyrənmək mənim üçün çox maraqlıdır.

 

          Novruz Əliyev, II kurs, Neft-qaz mühəndisliyi ixtisası:

          - İlk dəfə birinci kursda oxuyarkən “Formula-1” yarışlarında könüllü olmuşam.  İngilis dilimin inkişafında həmin müddət çox mühüm rol oynayıb. İş prosesində xaricilərlə tez-tez ünsiyyətdə olmaq imkanı mənə ingilis dilində nitqimi təkmilləşdirməyə yardım edib. Gündəlik işim idmançıları qarşılamaq və onlara köməklik göstərməkdən ibarətdir. Maraqlısı odur ki,  mən bu oyunlarda çoxdan başqa yerə köçmüş uşaqlıq dostumu da tapmışam. Burada həm iş təcrübəsi , həm də dostlar qazandığıma görə özümü çox şanslı hiss edirəm.

 

          Nigar Qasımova, II kurs, Kimya mühəndisliyi ixtisası:

          - İlk dəfə olaraq könüllü qismində özümü beynəlxalq səviyyəli idman yarışında sınayıram. Əminəm ki, İslam Oyunları mənim gələcək həyatımda parlaq bir səhifə olacaq. Mən yeni dostlar qazanmaq, ingilis dilimi inkişaf etdirmək üçün bu hərəkətə qoşulmuşam. Bura qoşulmağa məni Avropa oyunlarında və “Formula-1” yarışlarında könüllü kimi iştirak etmiş qrup yoldaşlarım həvəsləndiriblər. Mənim təmsil olunduğum komandanın gündəlik işi treninq, görüş və s. haqqında atletlərə məlumat verməkdir. Oyunlarda iştirak edən xarici ölkələrin idmançıları bizə xatirə olaraq döş nişanları hədiyyə verirlər. Əminəm ki, İslamiadadan sonra bu döş nişanları kolleksiya olaraq xatirə kimi qalacaq.

 

          Kamil Nağızadə, II kurs, Neft-qaz mühəndisliyi ixtisası:

          - Bu hərəkat haqqında Avropa oyunları və “Formula-1“ yarışlarında könüllü  kimi işləyən tanış və dostlarımdan xəbər tutdum. Könüllülərin işləri məni çox cəlb eləmişdi. Buna görə də İslam Oyunları könüllülər hərəkatına qoşuldum. Bu fəaliyyətimdən əsas gözləntim çoxlu dostlar qazanmaq və komandada işləməyi bacarmaqdır. Mən tamaşaçı xidmətlər komandasındayam. Biz hər gün tamaşaçıları qarşılayıb zala yönləndiririk. Onların rahatlığı üçün müxtəlif  xidmətlər göstəririk.  Komandamızın menecerin doğum gününü bir yerdə qeyd etməyimiz maraqlı bir xatirəyə çevrildi, belə ki, onu təbrik etmək üçün komandamızla xüsusi bir video hazırlamışdıq. Könüllü hərəkatı mənə komandada işləmək bacarığını təkmilləşdirməyə xeyli kömək oldu. Bu oyunların sahəsində çoxlu dostlar qazanmışam. İslam Oyunları mənim üçün dostluq, həmrəylik, komanda deməkdir və inanıram ki, ölkəmiz üçün çox əhəmiyyətli bir tədbir kimi yadda qalacaq.