Xəbərlər

Bakı Ali Neft Məktəbinin təqdimatları başa çatıb

          Bakı Ali Neft Məktəbi (BANM) haqqında abituriyentlərin məlumatlanmasını təmin etmək və onlarda mühəndislik sahəsinə marağı artırmaq, Ali Məktəbdə aparılan islahatlar və yeniliklərin ümumilikdə cəmiyyətə çatdırılması məqsədilə ənənəvi olaraq hər il aparılan təqdimatlar uğurla başa çatıb. Aksiya çərçivəsində BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının əməkdaşı Yaqut Həsənova
orta məktəblərdə rəhbərlik və yuxarı sinif şagirdləri ilə mütəmadi görüşlər keçiriblər.

 

          H.Sadıqlı təqdimatlarla çıxış edərək, şagirdlərə BANM-in yaranma tarixi, fəaliyyət istiqamətləri, yeni kampusu, illər üzrə ümumi statistik göstəriciləri, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübələr, seminarlar və BANM-in fəaliyyətinin digər istiqamətləri haqqında geniş məlumat verib. Qeyd olunub ki, sözügedən şirkətlər Ali Məktəbdə seminar və təlimlər təşkil edir. Şirkətlərin köməkliyi ilə BANM-in yeni kampusunda müasir laboratoriyalar qurulub.

 

          Aksiya çərçivəsində orta məktəblərin məzunları olmuş hazırda BANM-də təhsil alan tələbələr Ali Məktəbin tələbə həyatı, sosial-ictimai sahədə tələbələrin fəaliyyəti haqda və qazandıqları uğurun sirləri barədə danışıblar. Onlar həmçinin tələbə təşkilatları və klubları haqqında məlumat veriblər.

 

          Qeyd edək ki, PR kompaniyası çərçivəsində Bakı, Sumqayıt, Xırdalan, Abşeron və Biləsuvar rayonlarında yerləşən 50 məktəbdən çox olan 3 mindən çox məktəbli ilə görüşlər keçirilib.