Xəbərlər

Bakı Ali Neft Məktəbində semestr imtahanlarını britaniyalı müəllimlər keçirir

          Bakı Ali Neft Məktəbində (BANM) yay imtahan sessiyası davam edir. “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriatda təhsil alan tələbələr üçün Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alaraq eyni saatda keçirilir. Bu elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir.

 

          Heriot-Vatt Universitetindən Bakı Ali Neft Məktəbinə ezam edilmiş 4 nəfərdən ibarət müəllim heyəti - Mühəndislik və təbiət elmləri fakültəsinin Tədris və təlim üzrə meneceri Patrisiya Dankan, Mühəndislik və təbiət elmləri fakültəsinin İnzibati işlər, tədris və təlim üzrə köməkçisi İren Foks, Neft-qaz mühəndisliyi kafedrasının baş direktoru, professor Con Ford, Mexanika, Mühəndislik və təbiət elmləri fakültəsinin Mexanika, proses və enerji mühəndisliyi kafedrasının professoru Qrem Vayt orada tərtib olunmuş imtahan sualları əsasında imtahanları təşkil edir, onların gedişinə nəzarət edirlər. Tələbələrin yazılı cavabları imtahandan sonra sürətli poçt xidməti vasitəsilə qiymətləndirmə üçün Edinburqa, Heriot-Vatt Universitetinə göndərilir. İmtahan prosesinin bu şəkildə təşkil edilməsi nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradır.

 

          Qeyd edək ki, imtahanlar 16 may 2017-ci il tarixinə qədər davam edəcək.