Xəbərlər

BANM-in müəllimləri Ceyranbatan Sutəmizləyici Kompleksində

          Bakı Ali Neft Məktəbinin (BANM) «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» kafedrasının müdiri Manafəddin Namazov və kafedranın müəllimi Tural Mustafazadə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksdə olublar. Görüş zamanı BANM-in «Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrin sözügedən kompleksində  istehsalat təcrübəsi keçməsi barədə danışıqlar aparılıb. Eyni zamanda BANM-in əməkdaşları  Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər olan magistral kəmərlə tanış olublar. Səfər zamanı BANM-in əməkdaşlarını Ceyranbatan Su Təchizatı idarəsinin rəis müavini Oruc Bayramov və Azərsu ASC-nin Texniki İstehsalat Departamentinin mühəndisi Anar Zamanbəyli  müşayiət etmiş və qurğular haqqında ətraflı məlumat veriblər.

 

          Qeyd olunub ki, yeni kompleksin əsas obyekti ultrasüzgəcli sutəmizləyici qurğudur. Qurğuda emal prosesinin fasiləsizliyini təmin etmək üçün süzgəclər müəyyən müddətdən bir yuyularaq asılı maddələr və lildən təmizlənir. Süzgəclərin təmizlənməsi geriyuma və kimyəvi dozalama nasoslarının köməyi ilə həyata keçirilir. Proses növbəli rejimdə aparılır, yəni qurğunun bir hissəsində geriyuma və kimyəvi dozalama aparılarkən, digər hissələrdə suyun emalı davam edir. Bu da öz növbəsində, emal prosesinin fasiləsizliyini təmin edir.  

 

          Süzgəclərdən çıxan içməli suyun keyfiyyətinə onlayn rejimdə nəzarət olunur. Bu məqsədlə xüsusi analiz panelləri quraşdırılıb ki, onlar suyun keyfiyyət parametrləri barədə siqnalları birbaşa SCADA otağına ötürür. Bununla yanaşı, burada yaradılmış laboratoriyada istər xam suyun, istərsə də emal olunmuş təmiz suyun vacib parametrləri daha dəqiq şəkildə öyrənilir və keyfiyyət göstəriciləri tam nəzarətdə saxlanılır.