Xəbərlər

BANM-də Ümumdünya əməyin mühafizəsi günü

          Bakı Ali Neft Məktəbində (BANM) “Ümumdünya əməyin mühafizəsi günü”-nə həsr olunmuş iclas keçirilib. İclasda BANM-in ümumi işlər üzrə prorektoru Rəşad Həsənov, İnzibati-təsərrüfat işləri üzrə prorektor Oktay Rzayev, Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Keyfiyyətin təminatı şöbəsinin rəisi Samirə Musayeva, Rəhbərlik yanında aparatın böyük mühəndisi Rövşən Budaqov, Rəhbərlik yanında aparatın əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə böyük mühəndisi Xanım Ağasiyeva, Ali Məktəbin professor-müəllim heyəti və digər əməkdaşları iştirak ediblər.

 

          İclası açan BANM-in İnzibati-təsərrüfat işləri üzrə prorektoru Oktay Rzayev əmək təhlükəsizliyinin və sağlamlığın idarə edilməsi, istehsalatda əməyin fasiləsiz təkmilləşmə yolları haqqında məlumatlar verib.

 

          BANM-in Rəhbərlik yanında aparatın əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə böyük mühəndisi Xanım Ağasiyeva “Optimallaşma, əməyin mühafizəsinə dair məlumatların toplanması və istifadə edilməsi: Profilaktika mədəniyyətinin əsaslarının möhkəmləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. O qeyd etdi ki, əmək şəraitinin vəziyyətinin qeydiyyatının aparılmasında və qiymətləndirilməsində əsas məqsəd əməyin təhlükəsizliyinin təmini üzrə işlərini obyektiv qiymətləndirmək, baş verə bilən təhlükənin qarşısının alınması, həmçinin onların bu sahədə iş fəallıqlarını artırmaqdan ibarətdir. “İş yerində işçilərlə xoş davranış, kollektivliyin möhkəmliyi və qorunub saxlanılması məsələsində isə işçilər daha diqqətli olması vacib sayılan məsələlərdəndi”, - X.Ağasıyeva bəhs edib.

 

          Çıxış edən BANM-in Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov əməyin mühafizəsi sahəsində qanunvericilik normalarının öyrənilməsində belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışdır. O, bu sahənin sürətli inkişafı ilə əlaqədar iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi mədəniyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb.

 

          Sonda mövzu ətrafında müzakirələr aparılıb və əməyin mühafizəsi ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.