Xəbərlər

2-ci SOCAR Beynəlxalq Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya Forumu başlandı

Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2-ci SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” Forumu işə başlayıb. Açılış mərasimindən öncə Forumun iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, heykəli önünə əklil və gül dəstələri qoymuşlar.

 

Forumun ilk iclasını açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Forumun müasir Azərbaycanın banisi və neft strategiyasının təşəbbüskarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmasının Ulu Öndərin şəxsiyyətinə və fəaliyyətinə hörmət və ehtiramın təzahürü olduğunu bildirib, Forum iştirakçılarını və qonaqları salamlayaraq tədbirin müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər arasında işgüzar əlaqələr yaradılmasına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən neft strategiyasının uğurlarının təbliği üçün səmərəli platforma olacağını vurğulayıb.

 

Forumun açılış mərasimində iştirakçılara müraciət edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğunda və yanacaq-enerji kompleksinin inkişafında əvəzsiz rolu olduğunu qeyd edib, neft strategiyasının uğurlarından bəhs edərək Forumun işinə uğurlar diləyib.

 

Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyevin hazırkı dövrdə dünyanın enerji xəritəsi, Azərbaycanın enerji siyasətinin uğurları və perspektivləri haqqında məlumat verib, Ulu öndər Heydər Əliyevlə Azərbaycanın neft strategiyasının reallaşdırılmasında iştirak etdiyindən qürur hissi keçirdiyini bildirərək, O, Prezident İlham Əliyevin rəhbərliyi altında logistika, neft emalı və neft-kimya sahələrində həyata keçirilən möhtəşəm layihələrin perspektivlərini açıqlayıb.

 

SOCAR-ın fəaliyyəti və planları haqqında şirkətin Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə geniş məruzə təqdim edib. Məruzədə Azərbaycanda neft hasılatının tarixi, Azərbaycan neftinin keçmiş SSRİ-nin iqtisadiyyatının inkişafinda və Böyük Vətən Müharibəsində qələbənin təmin olunmasında rolu, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin şəxsi nüfuzu hesabına ötən əsrin 90-cı illərində dünyanın aparıcı neft şirkətlərinin Azərbaycana qoyduqları investisiyalar hesabına yanacaq-enerji inkişafının təmin olunması, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət göstərməsi nəticəsində SOCAR-ın biznes fəaliyyətinin ölkənin hüdudlarından kənarda genişləndiyi haqqında məlumatlar yer alıb.

 

“Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev öz çıxışında Azərbaycanın neft-kimya sahəsinin inkişafının strateji xəttini açıqlayıb, hazırda bu sahədə həyata keçirilən layihələrin perspektivləri haqqında Forum iştirakçılarını məlumatlandırıb, Forumun açılışı münasibəti ilə iştirakçılara təbriklərini çatdırıb.

 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov Xəzər regionunda ən möhtəşəm logistika mərkəzinin fəaliyyəti və inkişaf konsepsiyası haqqında fikirlərini bölüşərək, yeni yaradılan Ələt Azad Ticarət Zonasının Azərbaycanın qeyri-neft sektorununun inkişafına və yükdaşımaların ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyi barədə məlumat verib.

 

Forumun açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Nazirlər Kabineti Aparatının Neft və kimya şöbəsinin müdiri Əsgər Aslanov,  SOCAR Strateji inkişaf üzrə vitse-prezidenti  Tofiq Qəhrəmanov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “Confidence Capital Ltd” şirkətinin baş direktoru Andrey Rudenko da iştirak ediblər.

 

Forumun ilk günün sessiyaları Azərbaycanın neft-qaz strategiyasına və neft-kimya sahəsinin inkişaf tendensiyalarına həsr olunub.

 

Qeyd edək ki, Forumda Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyətinin və strukturların bölümlərin rəhbərləri, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin  və transmilli neft-qaz şirkətlərinin nümayəndələri iştirak edirlər. Xəzər regionunda neft-qaz üzrə ilin ən əhəmiyyətli tədbirinə bu ölkələrdən 150-dən artıq iştirakçılar - neftin və qazın hasilatı, emalı, logistikası sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlərin rəhbərləri və əməkdaşları, treyderlər, analitiklər, bank strukturlarının nümayəndələri qoşulublar.