Xəbərlər
BANM ATKINS şirkəti ilə əməkdaşlıq edəcək
Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rəhbərliyi, Böyük Britaniyanın ATKINS şirkətinin və Birləşmiş Krallığın Azərbaycandakı səfirliyinin nümayəndələri arasında görüş keçirildi. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, ATKINS şirkətinin Azərbaycan filialının baş direktoru Ceyms Todd və səfirliyin Enerji, ticarət və investisiya şöbəsinin rəhbəri Stivin Smit iştirak etdilər.
BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verdi və bildirdi ki, BANM-in yaradılmasında əsas məqsəd inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən SOCAR üçün beynəlxalq standartlara cavab verən ingilisdilli kadrların hazırlanması olmuşdur. Bu istiqamətdə Ali Məktəb Azərbaycanda fəaliyyət göstərən əksər şirkətlərlə yaxın əməkdaşlıq edir.
ATKINS şirkətinin Azərbaycan filialının baş direktoru Ceyms Todd öz çıxışında qeyd etdi ki, ATKINS Global-ın fəaliyyəti çox geniş spektri əhatə edir. Şirkət neft və qaz, bərpaolunan enerji, memarlıq, şəhərsalma və s. sənaye sahələri üçün mühəndislik, layihələndirmə, dənizdə və quruda struktur və geotexniki qiymətləndirmələr və konsaltinq xidmətləri göstərir. Hal-hazırda Azərbaycanda BP şirkəti ilə regional müqavilə əsasında fəaliyyət göstərir və “Milliləşdirmə siyasəti”-nə dəstək göstərən şirkətlər arasında yer alır. Bu məqsədlə onlar BANM-lə daha yaxından tanış olub tələbələrin praktik baxımdan inkişafına və gələcək məzunların karyera imkanları ilə təmin olunmasına töhfə vermək niyyətindədir. Bu dəstək tərəflərin razılığından asılı olaraq müxtəlif formalarda - əməkdaşlıq proqramı, yay məktəbləri, sənaye peşəkarlarının iştirakı ilə qısamüddətli təlimlər və yaxud təqaüdlər formasında təklif oluna bilər.
Səfirliyin Enerji, ticarət və investisiya şöbəsinin rəhbəri Stivin Smit səfirliyin Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlıqda maraq göstərdiyini və bu sahədə fəal çalışdığını vurğuladı. O, BANM-lə Böyük Britaniyanın Heriot-Vatt Universiteti, eləcə də BP və digər bir sıra şirkətlər arasında əlaqələrin mövcudluğundan məmnunluq duyduğunu və bu əlaqələrin daha da genişləndirilməsində səfirlik olaraq hərtərəfli dəstək göstərəcəklərini qeyd etdi.
Sonda BANM-lə ATKİNS şirkəti arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması barədə razılıq əldə olundu.