Xəbərlər

BANM-in tələbələri məqalə müsabiqəsində

          Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda keçirilən məqalə müsabiqəsi ilə əlaqədar Ali Məktəbin tələbələri ilə görüş keçirildi. Görüşdə BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar şurasının idarə heyətinin üzvü Zərifə Quliyeva, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, YAP-ın Xətai rayon təşkilatının Qadınlar şurasının sədri Aygün Əhmədli və Ali Məktəbin professor-müəllim heyəti iştirak etdilər.

 

          Tədbiri giriş sözləri ilə açan Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov bildirib ki,  Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti ilə cəmiyyətin ictimai-siyasi, elm və mədəni həyatında qadınların rolu ciddi şəkildə artırılıb. Azərbaycan qadınlarının bütün sahələrdə olan uğurlarına bu gün də dövlət tərəfindən böyük qiymət verilir.

 

          YAP-ın Qadınlar şurasının idarə heyətinin üzvü Zərifə Quliyeva qeyd etdi ki, Ümumilli lider Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi fikir və tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təbliğ etmək, istedadlı gənclərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaqdır.

 

          Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov müsabiqənin keçirilməsinin məqsədləri açıqlayaraq, qeyd etdi ki, müsabiqədə iştirak etmək istəyənlər 30 aprel 2017-ci il tarixinə qədər məqalələrini və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, işlədiyi yer) meqale-musabiqesi@inbox.ru elektron ünvanına göndərə bilərlər. E.Səfərov dövlətin qadın siyasətinə olan xüsusi qayğısından, qanunlardan, fərman və sərəncamlardan bəhs edərək bildirdi ki, ölkəmizdə qadınlarla bağlı məsələlər dövlətin xüsusi diqqət mərkəzindədir.

 

          Daha sonra YAP-ın Xətai rayon təşkilatının Qadınlar şurasının sədri Aygün Əhmədli ölkənin ictimai həyatında qadınların fəal iştirakından söz açaraq qeyd etdi ki, bu gün Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurlu və səmərəli fəaliyyətinin nəinki ölkəmizin, eləcə də dünya qadınları üçün nümunədir.  

 

          Sonda BANM-in qonaqları Ali Məktəbin tələbələrinin çoxsaylı sualları cavablandırdılar.