Xəbərlər
Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək
25-28 aprel 2017-ci il tarixlərində Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın Confidence Capital Ltd şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2-ci SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumu keçiriləcək.
Beynəlxalq forumun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Tədbir zamanı sözügedən regionların başlıca ixrac bazarları, yerli və ixrac tələblərinin xüsusiyyətləri, xarici kommersiya axını və neft limanları, boru xətləri və dəmir yolları daxil olmaqla maddi-texniki infrastrukturu barədə təqdimatlar ediləcək və müzakirələr aparılacaqdır.
Forumda Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR strukturlarının rəhbərləri, millət vəkilləri, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirlikləri və transmilli neft-qaz şirkətlərinin nümayəndələri iştirak edəcək. Xəzər regionunda neft-qaz üzrə ilin ən əhəmiyyətli tədbirinə bu ölkələrdən 150-dən artıq iştirakçılar - neftin və qazın hasilatı, emalı, logistikası sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlərin rəhbərləri və əməkdaşları, treyderlər, analitiklər, bank strukturlarının nümayəndələri qoşulacaqlar. Forum öz işini 3 gün ərzində 8 sessiyada müxtəlif mövzular üzrə davam etdirəcək.
2-ci SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumu haqqında daha ətraflı məlumatı onun saytından (http://socarforum.com) əldə edə bilərsiniz.