Xəbərlər

BANM-in Prezident təqaüdçüsü danışır: Mənim ixtisasım-gələcəyin ixtisasıdır

           Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Camal Muradov cavablandırır.

 

          –   Özünüz barədə bir az məlumat verin.

          -  Mən Göranboy rayonunda, Səfikürd kəndində ziyalı ailəsində anadan olmuşam. Atam mühəndis, anam evdar qadındır. İki qardaşım var. Böyük qardaşım 2014-cü ildə Azərbaycan Texniki Universitetinə daxil olduqdan bir il sonra Bakı Dövlət Universitetinə köçürüldü. Kiçik qardaşım məktəbi qurtarır və 2-ci qrup üzrə imtahanlara hazırlaşır.

          – Qəbul imtahanları arxada qalıb.  Hansı təəssüratlarla yadaşınızda qalıb o gün?

          -  İmtahan qabağı çox çalışmalı olurdum, hətta gecələr də oxuyub, hazırlaşırdım. Valideynlərim mənə deyirdi ki, imtahan hazırlığında gecə istirahəti və sağlam yuxu çox vacibdir.

 

          - Neçə bal toplamısız?

          -  Mən 690 bal qazandım.

 

          - Maraqlıdır  niyə məhz BANM seçmisiz?

          –  Mən  BANM-i ən  güclü ali təhsil müəssisəsi olduğuna görə seçdim. Çünki burada , təkcə  neft-kimya sahəsi üçün ixtisaslı mühəndislər deyil, həm də proseslərin avtomatlaşdırılması sahəsi üzrə ixtisaslı mühəndislər hazırlanır.

 

          – Ailənizin sizin təhsilinizdəki rolu barədə nə deyərsiniz?

          – Valideynlərim mənə həmişə dəstək olublar. Əslinə qalsa, onlar  mənə məsləhət edirdilər ki, mən “Neftkimya mühəndisliyi” fakültəsini seçim. Deyirdilər ki, orada oxumaq və sonradan iş tapmaq çətin olmayacaq. Amma mən uşaqlıqdan ixtiraçı olmağı arzu edirdim. İntelektual maşınlar və robotlar yaratmaq istəyirdim. Məhz buna görə də mən öz istəyimin arxasınca gedərək, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına daxil oldum.

          –  Ən böyük arzunuz nədir?

          –  Mənim ən böyük arzum - robotiks  sahəsində mütəxəssis və professional proqramist olmaq idi.  BANM-ni bitirdikdən sonra təhsilimi ABŞ universitetlərinin birində davam etdirmək istəyirəm. İstəyirəm ki, orada yaxşı təcrubə toplayıb və  çalışmaq üçün öz ölkəmə qayıdım. Çünki, vətənim və ailəm mənim üçün həmişə öndədir. Bir dənə də arzum var - insanın hiss və emosiyalarına malik olan android yaratmaq.

 

          –  Özünüzün gələcək ixtisasınız barədə nə deyə bilərsiniz?

          – Hər şeyin avtomatlaşmış olduğu bir zamanda  bu ixtisassız keçinmək mümkün deyil. Belə ixtisaslı mütəxəsisslərə hər yerdə və hər sahədə tələbat var. Özlüyündə ixtisas çox maraqlıdır. Mənim  ixtisasım  Azərbaycanda  hələ çox gənc olan robotiks  ilə sıx bağlıdır. Hələlik gələcəyin ixtisası olduğu deyilsə də, mən inanıram ki, o, gələcək çox yaxındadır. Hesab edirəm ki, yaxın 5-7 il ərzində robotiksə elə tələbat olacaq ki, necə ki, hazırda elektrik mühəndis və proqramçılara var.

 

          – Hobbiniz nədir ?

          –  Vaxt olanda kinoya baxmağı sevirəm.  Macəra və komediya janrında çəkilmiş filimləri seyr etməyi sevirəm.  Bir də yumoristik hekayələr oxumağı çox xoşlayıram.

 

          –  Bəs, başqa nə ilə maraqlanırsız ?

           - Hazırda olduqca çox çalışıram və demək olar ki, boş vaxtım qalmır. Amma imkan daxilində çalışıram ki, dünyada baş verənlərlə - mədəniyyət və elm  sahələrindəki yeniliklərdən xəbərim olsun.

 

          – Hansı ədəbi janr sizi daha çox maraqlandırır?

          –  Maraqlı süjetlərlə zəngin olan kitablar xoşuma gəlir. Ən xoşuma gələn əsərlərdən biri Mark Tvenin “Tom Soyer və Qekliberri Finnin macəraları ” kitabıdır ki, onu indiyədək düz 3 dəfə oxumuşam.