Xəbərlər
BANM-də Bərpaolunan enerji mövzusunda seminar
Bakı Ali Neft Məktəbində (BANM) daimi fəaliyyət göstərən “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda seminarın növbəti iclası keçirilib. Seminarda müxtəlif dövlət orqanlarının, AMEA-nın müxtəlif institutlarının, qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri, bir sıra şirkətlərin nümayəndələri, o cümlədən müstəqil ekspertlərdən ibarət qonaqlar, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Seminarın iclasında “Azalternativenerji” MMC-nin Bərpa Olunan Enerji Resurslarının Monitorinqi Mərkəzinin rəhbərinin müavini Rasim Məmmədovun “Azərbaycanda bərpaolunan enerji resurslarının monitorinqi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi ölkə ərazisində bərpaolunan enerji resurslarının monitorinqini həyata keçirmək üçün 21 meteostansiyanın quraşdırıldığını və il ərzində müxtəlif hündürlükdə radiasiyanın, temperaturun, küləyin sürətinin, rütubətin və sair parametrlərin ölçülməsi əsasında bərpaolunan enerji resurlarının qiymətləndirilməsinin nəticələrini açıqlayıb.
Məruzənin sonunda Rasim Məmmədov seminar iştirakçılarının suallarını cavablandırıb. Qeyd edək ki, BANM-də seminarın növbəti iclası fevral ayında keçiriləcək.