Xəbərlər

Rumıniya səfiri Bakı Ali Neft Məktəbində

Rumıniyanın Azərbaycandakı səfiri cənab Dan İanku Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və əməkdaşları ilə görüşərək təqdimatla çıxış etdi.

Qonağı salamlayaraq BANM-in rektoru Elmar Qasımov qeyd etdi ki, səfirin Ali Məktəbdəki bu görüşü Rumıniya tarixi üçün əhəmiyyətli vaxtda baş tutur. Elmar Qasımov bildirdi ki, yanvarın 24-də müasir Rumıniya dövlətinin yaranması günüdür. Rektor səfiri bu münasibətlə BANM-in adından təbrik etdi.  

Səfir cənab Dan İanku BANM-in rektoru Elmar Qasımova öz təşəkkürünü bildirərək, Azərbaycana səfir təyin olunandan sonra üç ay ərzində Ali Məktəbə artıq ikinci dəfə gəldiyini xatırlatdı. Səfir öz təqdimatında 24 yanvar 1859-cu il tarixinin müasir Rumıniya dövlətinin yaranması günü olduğunu bildirdi və bu tarixin Rumıniya üçün əhəmiyyəti haqqında danışdı. Cənab Dan İanku ölkəsinin tarixi, xüsusilə neft sənayesinin inkişafı haqqında məlumat verdi. O, Rumıniyanın 19-cu əsrdən başlayaraq neft çixarma və emalı tarixindən söz açdı. Səfir vurğuladı ki, Azərbaycan kimi, Rumıniya da bərpaolunan və alternativ enerji mənbələrinin istifadə olunması sahəsində səylər göstərir. Rumıniya ilə Azərbaycan arasında əlaqələrin  inkişafından söz açan səfirin sözlərinə görə, “Azərbaycanla əməkdaşlığı çoxsaylı istiqamətlərdə daha da möhkəmləndirməkdə maraqlıdırlar və BANM-ə Rumıniya universitetləri ilə tərəfdaş əlaqələrin qurulmasında dəstək göstərməyə hazırıq” – deyə səfir vurğuladı.

Görüşün sonunda səfir suallara cavab verdi.

Tədbirdə, həmçinin Rumıniyanın Azərbaycandakı səfirliyinin müşaviri Çiprian Mirika və səfirin nümayəndəsi Elmina Zeynalova iştirak edirdilər.