Xəbərlər
BANM-in tələbələri beynəlxalq seminarda
Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Səidə Ələsgərova, Elbrus Əsədov və Fərid Mustafayev Beynəlxalq Gömrük Təşkilatının Bakıdakı Regional ofisində 23 yanvar 2017-ci il tarixində keçirilən seminarda iştirak ediblər. Seminarı Çarlz Sturt Universitetinin mühazirəçisi və eyni zamanda, Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi - İNCU (International Network of Customs Universities – İNCU) təşkilatının sədri Mixayıl Kaşubski aparmışdır. Seminarın əsas mövzusu “Beynəlxalq ticarət transaksiyalarında risklər” və “ Beynəlxalq ticarət sövdələşmə sənədlərinə baxış” olmuşdur.
Mühazirədə BANM-in tələbələri ilə yanaşı, ABŞ-ın San-Dieqo Universitetindən 2 tələbə, Sankt-Peterburq Dövlət İdarəetmə Akademiyasından 1 nəfər tələbə iştirak ediblər. Mühazirə zamanı beynəlxalq sövdələşmələrdə qarşılıqlı olaraq ölkələrarası sənədləşmə məsələləri, yükdaşımalarda qarşıya çıxa biləcək risklər və onların istehsalçı, istehlakçı və transport ölkələr üçün həll olunma yolları məruzə edilmişdir.