Xəbərlər
BANM-də Erasmus+ Elektron Ali Təhsil İdarəetmə Sistemi layihəsinin görüşü keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) Avropa İttifaqı Erasmus+ proqramı çərçivəsində elektron ali təhsil idarəetmə sistemi layihəsi hazırlıqları çərçivəsində tərəfdaş təhsil müəssisələləri ilə görüş təşkil edilib. Görüşün məqsədi layihənin hazırlanması prosesində vacib olan tələblərin qiymətləndirilməsi, tərəfdaşların strateji hədəfləri ilə layihənin hədəflərinin müqayisə edilməsi və layihədən gözlənilən nəticələr haqqında müzakirələr aparmaq idi.
Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm və Ali Təhsil Departamentinin aparıcı məsləhətçisi Vüsalə Qurbanova, Azərbaycan Universitetinin Xarici Əlaqələr Şöbəsinin rəhbəri Bəxtiyar Bədəlov, Mingəçevir Dövlət Universitetinin Xarici Əlaqələr Şöbəsinin rəhbəri Samirə Əhmədova, Bakı Dövlət Universitetinin Xarici Əlaqələr Şöbəsinin rəhbəri Elmira İsmayılova, Azərbaycan Dövlət Aqrar Universitetinin İnformasiya Texnologiya Şöbəsinin aparıcı mühəndisi Etibar Verdiyev, Azerbaycan Texnologiya Universitetinin Xarici Əlaqələr Şöbəsinin rəhbəri Tacəddin Bayramov, Azərbaycan Turizm və Menecment Universitetinin Elm və Araşdırma Şöbəsinin rəhbəri Qahirə Məmmədova, o camlədən digər ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirdilər.
Layihənin məqsədi Bakı Ali Neft Məktəbi tərəfindən hazırlanacaq elektron universitet idarəetmə sisteminin Avropa təcrübəsindən istifadə edərək təkmilləşdirilməsi və digər ali təhsil müəssisələrində tətbiqidir. Pilot layihə kimi təklif edilən sistem Avropadan olan 4 tərəfdaş ali təhsil müəssisəsi - PolşanınTexnologiya və Təbiət Elmləri Universiteti, Latviyanın Riqa Texniki Universiteti, İtaliyanın Genoa Universiteti, Böyük Britaniyanın Middlesex Universiteti və Azərbaycandan olan 16 ali təhsil müəssisəsinin iştirakı ilə həyata keçiriləçək. Layihənin əsas tərəfdaşlarından olan Azərbaycan RespublikasıTəhsil Nazirliyi layihənin nəticəsi olaraq qurulacaq sistemin təhsil haqqında qanunun normalarına uyğun olaraq tətbiq edilməsi prosesində yaxından iştirak edəcək. Pilot layihənin uğurla nəticələndiyi halda əldə edilmiş təcrübə Təhsil Nazirliyinin dəstəyi ilə layihədə tərəfdaş olmayan digər Azərbaycan universitetlərində də tətbiq edilməsi nəzərdə tutulur.