Xəbərlər
BANM-də İSO standartının tətbiqi genişlənir
Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSİ) auditorları beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirirlər. Bununla əlaqədar olaraq, TSİ-nin Azərbaycan üzrə təmsilçisi Selim Çelebi, TSİ-nin baş auditoru Volkan Cağın və SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun iştirakı ilə BANM-in rəhbərliyi və professor-müəllim heyətinin görüşü keçirilib.
BANM-də üç modul üzrə İSO beynəlxalq standartının tətbiq edildiyini deyən rektor Elmar Qasımov Ali Məktəbin digər modullar üzrə standartların əldə olunmasına çalışdığını bildirdi. O, BANM-də İSO-nun tətbiqinin Ali Məktəbin inkişafına xidmət etdiyini bildirdi. Rektor TSİ nümayəndələrinə bütün strukturlarda apardıqları yoxlamalarda hərtərəfli təftiş etməyi xahiş etdi və onlara uğurlar arzuladı.
TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi BANM-in ali təhsil müəssisəsi olaraq Azərbaycanda analoji qurumlar arasında öndə gedən Ali Məktəb olduğunu vurğuladı. O, BANM-in gələcəkdə digər modullar üzrə yeni standartların əldə olunmasına nail olacağına əminliyini ifadə etdi. O, qarşılıqlı əməkdaşlığın hər iki qurum üçün faydalı olacağını deyib.
Xatırladaq ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti üzrə - ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikata sahib olub. 2014-cü ilin dekabrında TSİ-nin auditorları beynəlxalq standartların BANM-də tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirərək BANM-in bütün struktur bölmələrində dünyada qəbul olunmuş ISO standartlarına uyğun olaraq keyfiyyətin təminatı, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemlərinin tətbiq edildiyini təsdiqləyib.