Xəbərlər

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun BANM-in yaradılmasının 5 illiyi ilə bağlı təbriki

Hörmətli əməkdaşlar, əziz tələbələr!

 

29 noyabr 2016-cı il tarixi Bakı Ali Neft Məktəbi üçün əlamətdar gündür. 29 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmış Ali Məktəbimizin 5 illiyidir.

 

Bu 5 il ərzində biz SOCAR-ın hərtərəfli dəstəyi hesabına tədrisin təşkili üçün ən müasir tələblərə cavab verən infrastruktur yaratmışıq. Ali Məktəbdə tədrisin istehsalatla sıx əlaqəsi, elmlə təhsilin vəhdəti, beynəlxalq təcrübənin tətbiqi kimi məsələlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirmişik.

 

Bu gün Bakı Ali Neft Məktəbi ölkənin ali təhsil müəssisələri sırasında daim liderlik mövqeyində duran, abituriyentlərin və valideynlərin yüksək ali təhsil, şəffaf tədris prosesi,  biliklərin  obyektiv qiymətləndirilməsi kimi meyarlara tələblərini tam ödəyə bilən aparıcı təhsil məkanıdır.

 

Prezident İlham Əliyevin gənclərin təhsilinə daim göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycanın təhsil sisteminin dünya təhsil məkanına sürətli inteqrasiyası bizim qarşımızda da yeni-yeni vəzifələr qoyur.

 

Hazırda Bibi-Heybət ərazisində inşası başa çatan şəhərciyində tədris, elmi fəaliyyət, elm və sosial-mədəni-idman xarakterli kütləvi tədbirlərin keçirilməsi üçün infrastruktur Ali Məktəbimizə ən müasir tələblərə cavab verən yüksək ixtisaslı mütəxəssislər və dövlətçiliyə sadiq vətəndaşlar yetişdirmək üçün unikal imkanlar yaradır. Bu imkanlardan maksimal dərəcədə bəhrələnərək Azərbaycan Respublikası Prezidentinin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” çağırışını dəstəkləmək, ölkəmizdə  mühəndis təhsilinə dəyərli töhfələr vermək bizim ümdə vəzifələrimizdir və biz bunun öhdəsindən layiqincə gəlməliyik!

 

Bakı Ali Neft Məktəbinin yaradılmasının 5 illiyi münasibətilə Ali Məktəbin bütün kollektivini, hər bir  əməkdaşını, professor-müəllim heyətini və tələbələrini ürəkdən təbrik edir, hər birinizə uğurlar arzu edirəm!