Xəbərlər

BANM-in Prezident təqaüdçüsü danışır: Məhz BANM gələcək planlarımı gerçəkləşdirə bilər

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsi olaraq Prezident təqaüdçüləri ilə bağlı yeni bir layihəyə başlayırıq.Bu layihəmiz “BANM-in prezident təqaüdçülərinə 10 sual” adlanır. Beləliklə, suallarımızı BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Reyhanə Kərimli cavablandırır.  

 

Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.

-Mənim adım Reyhanə Kərimlidir. 1998-ci il dekabr ayının 19-da Sabirabad rayonunda anadan olmuşam. 2005-ci ildə Belarus Respublikasının Qrodno şəhərində təhsilə başlamışam. Daha sonra, 2007-ci ildən Bakı şəhəri Nizami rayonu 272 saylı orta məktəbdə təhsilimi davam etdirmişəm və 2016-cı ildə elə həmin məktəbin məzunu olmuşam.

 

İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

-İmtahan dövrü ilə bağlı unudulmaz təəssüratlarım var. Həmin dövrdə bir qədər həyəcan və narahatçılıq keçirtməyimə baxmayaraq imtahanda göstərdiyim nəticənin sayəsində bütün yorğunluq və sıxıntı bir anda xoş bir xatirəyə çevrildi.

 

Nə qədər bal topladınız?

-Məqsədimin 700 bal olmasına baxmayaraq, qəbul imtahanında 690 bal toplayaraq Prezident təqaüdçülərinin sırasına daxil oldum.

 

Niyə məhz BANM-i seçdiniz?

-BANM-in ilk açıldığı ildən yüksək bal toplayan tələbələrin buraya üz tutmasını görüb, “əgər nə vaxtsa yüksək bal toplasam, mən də buranı seçəcəyəm” - deyə  düşünürdüm. 10-cu sinifdə oxuyanda BANM haqqında bir qədər də məlumat topladım və əmin oldum ki, məhz BANM mənim gələcək planlarımı gerçəkləşdirə bilər.

 

Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

-Ailədə mənim kiçik yaşlarımdan oxumaq həvəsimin şahidi olmuşdular və həmişə mənim təhsilimi davam etdirməyimi dəstəkləyiblər.

 

Ən böyük arzunuz nədir?

-Hər bir tələbə kimi mənim də arzularım, daha doğrusu, məqsədim var. Hal-hazırda ən böyük məqsədim BANM-də yaradılmış şəraitdən istifadə edərək  peşəkar mühəndis olmaqdır.

 

İxtisasınız haqqında nə demək istərdiniz?

-Mənim fikrimcə, hələlik hazırlıq kursunda oxuduğumdan ixtisasım haqqında tam məlumatım yoxdur, amma bu ixtisası seçməzdən əvvəl BANM-in rəsmi səhifəsindən və digər mənbələrdən maraqlanaraq “Proseslərin avtomatlaşdırılması mühəndısliyi” ixtisasının məhz mənim arzuladığım sahə olduğuna əmin oldum.

 

Hobbiniz nədir?

-Boş vaxtımda əsasən, musiqiyə qulaq asiram, amma maraqlı kitaba rast gələndə oxuyuram, xoşuma gələn eskizlər görəndə onların rəsmini çəkirəm.

 

Başqa hansı maraqlarınız var?

-Uşaqlıqdan rəqsə, gimnastikanın müxtəlif növlərinə, skripka və fortepiano musiqi alətlərinə marağım var. Həmçinin, ingilis dilindən başqa, gələcəkdə alman dilini də öyrənmək istəyirəm.

 

Hansı janrda kitabları oxuyursunuz?

-Janrından asılı olmayaraq klassik əsərləri oxuyuram, amma oxuduğum kitabların içində daha çox povestlər üstünlük təşkil edir.