Xəbərlər
BANM beynəlxalq konfransda təmsil olunub
Noyabrın 21-22-də Bakıda keçirilən “Neftin dənizə və quruya sızması: yanacaq–energetika kompleksində sənaye təhlükəsizliyi” mövzusunda IV praktiki konfransın işində Bakı Ali Neft Məktəbinin (BANM) Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva, həmçinin Ali Məktəbin tələbələri iştirak ediblər.
Konfransın əsas müzakirə mövzuları Xəzəryanı ölkələrin ekoloji çağırışlara hazırlığı, neft sızmalarının aradan qaldırılması, monitorinqi və qarşısının alınması üzrə yeni texnologiyaların tətbiqi, sızmaların və çirklənmələrin nəticələrinin aradan qaldırılması, təmizlənməsi və rekultivasiyası, habelə neft və neft məhsulları sızmalarının, neftin qəza nəticəsində suya və quruya sızmasının qarşısının alınması və profilaktikası məsələləri olub.
Konfransın moderatoru, “Lamor Turkey” şirkətinin baş direktoru Mətyu Brayzə deyib ki, məqsəd Xəzər dənizi akvatoriyasına, onun sahillərinə və quru yataqlarına neft və neft məhsullarının sızmasına gətirib çıxaran qəza hallarının profilaktikası işində Xəzəryanı ölkələrin neft-qaz sahəsi və dövlət təşkilatlarının səylərini birləşdirməkdir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin xüsusi avadanlığın təchizatı üzrə aparıcı mühəndisi Əkrəm Qəhrəmanov,SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) direktoru Fuad Süleymanov, “Seanews” şirkətinin direktoru Cahid İstikbal, “Dentons” şirkətinin böyük hüquqşünası Sona Tağıyeva konfransda məruzə ilə çıxış ediblər.
Beynəlxalq konfransın təşkilatçısı Böyük Britaniyanın “Confidence Capital” şirkətidir.