Xəbərlər
BANM-də Tolerantlıq Günü
Bakı Ali Neft Məktəbində (BANM) “16 noyabr - Beynəlxalq Tolerantlıq Günü” ilə bağlı dəyirmi masa keçirilib. BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov dəyirmi masa iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edildiyini xatırladıb. Azərbaycanın tolerant ölkə olduğunu və respublikamızda bu sahədə dünya ölkələrinə nümunə olacaq bir siyasət həyata keçirildiyini bildirib.
BANM-in Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev Azərbaycanda mövcud olan tolerantlıq ənənələrindən danışaraq, qeyd edib ki, Azərbaycanda insanlara dininə, irqinə, milliyətinə görə heç bir fərq qoyulmur. O, bunun Azərbaycan insanının güclü mənəvi keyfiyyətləri ilə əlaqəli olduğunu vurğulayıb.
BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev tədbirdə çıxış edərək Azərbaycanın tarixən tolerantlıq məkanı olduğunu qeyd edib, tarixi faktlarla fikrini əsaslandıraraq belə bir əlverişli şəraitin ölkəmizin yerləşdiyi coğrafi mövqe ilə də əlaqəli olduğunu söyləyib.
Sonra BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Kəmalə Mehdiyeva tolerantlığın Azərbaycanın görkəmli şair və mütəfəkkirləri Nizami Gəncəvi və Məhəmməd Füzulinin yaradıcılığında tərənnüm olunmasından danışıb.
Eyni zamanda, tədbirdə BANM-də təhsil alan xarici ölkə vətəndaşları Azərbaycan haqqında düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər. Hindistan vətəndaşı Entoni Mario Suares, Gürcüstan vətəndaşı Amail Məmmədova Azərbaycanda olan tolerant mühitin onları valeh etdiyini, insanların səmimiliyini, mehribanlığını yüksək qiymətləndirdiklərini və gələcək kariyeralarını Azərbaycanda qurmağı planladıqlarını vurğulayıblar.