Xəbərlər
Tümen Sənaye Universitetinin rektoru BANM-də
Rusiya Federasiyasının Tümen Sənaye Universitetinin rektoru Oleq Novoselov, universitetin marketinq idarəsinin rəisi Valeriy Qut, Azərbaycan mənşəli rusiyalı biznesmen və Tümen Vilayət dumasının deputatı Eduard Ömərov Bakı Ali Neft Məktəbinə (BANM) səfər etmişlər. Görüşdə, həmçinin SOCAR-ın Ekologiya idarəsinin rəis müavini professor Əflatun Həsənov iştirak edib.
Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin yaradılması tarixindən, onun qısa müddətdə əldə etdiyi nailiyyətlərdən, tədris prosesinin təşkili və neft-qaz sənayesi üçün yüksək ixtisaslı mühəndislərin hazırlanması üçün burada yaradılmış şəraitdən söhbət açdı. Elmar Qasımov BANM-in daima genişlənən beynəlxalq əməkdaşlığı, böyük şirkətlərlə və dünyanın aparıcı ixtisaslaşmış universitetlərilə əlaqələrin yaradılması haqqında qonaqları məlumatlandırdı və Tümen Sənaye Universitetinin tələbələrini tanışlıq məqsədi ilə BANM-ə səfər etmək təklifini irəli sürdü.
Səmimi qəbula görə rektor Elmar Qasımova təşəkkürünü bildirərək Tümen Sənaye Universitetinin rektoru Oleq Novoselov BANM-lə qarşılıqlı fayda gətirə biləcək əməkdaşlığın başlanmasına marağını bildirdi. O, həmçinin Tümen Sənaye Universitetinin tarixi, tədris proqramları və TSU-nun Rusiya və xarici ölkələrin neft-qaz sektorunda fəaliyyət göstərən müəssisələri ilə əməkdaşlığından bəhs etdi.
Görüş çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Tümen Sənaye Universiteti arasında Anlaşma Memorandumu imzalandı. Bu Anlaşma Memorandumu müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında birgə fəaliyyəti, birgə forum və konfransların təşkilini və elmi-tədqiqat layihələrinin həyata keçirilməsini, o cümlədən konkret fəaliyyət sahələri üzrə tədris və elmi materialların mübadiləsini əhatə edir.
Xatırladaq ki, Tümen Sənaye Universiteti Rusiyanın ən böyük elmi-tədris komplekslərindən biri hesab olunur və burada orta-ixtisas və ali təhsildən (bakalavriat və magistratura) başlayaraq, aspirantura, doktorantura, eləcə də ixtisasartırma və yenidənhazırlanma daxil olmaqla təhsilin bütün pillələrində tədris həyata keçirilir.